Əbədilik Rəmzi
Dahi Lider, əbədiyaşar Heydər Əliyevi ziyalılar daha çox sevirdi. Çünki o, ziyalılar üçün böyük işlər görmüşdü. Elm, ədəbiyyat, incəsənət xadimlərimizin dünyada tanınması üçün əvəzsiz xidmətləri olmuşdur.
Hamı yaxşı xatırlayır ki, ötən əsrin 70-80-ci illərində onun təşkilatçılığı, rəhbərliyi altında çox sayda azərbaycanlı gənc Moskva və SSRİ-nin böyük şəhərlərinə təhsil almaq üçün göndərildi. O gənclərin sırasında mən də var idim.
Mən oftalmo mikro-cərraham. Məşhur müəllimlərim - professor Ümnisə xanım Musabəylidən, akademik Zərifə xanım Əliyevadan, professor Zəhra xanım Quliyevadan, Moskvada akademik Mixail Mixailoviç Krasnovdan yiyələndiyim böyük təcrübəni tətbiq edirəm. Eləcə də dünyanın böyük oftalmoloqlarından öyrəndiklərimi bacardığım kimi öz tələbələrimə ötürürəm. Həkimlik mənim peşəmdir. Amma şairlik, nasirlik taleyimdir. Əbədiyaşar liderimiz Heydər Əliyevin istedadlı cavanlara inamı çox idi və çalışırdı ki, onlar inkişaf etsin. Azərbaycan təhsilinin inkişafı və dünyada tanınması üçün bütün varlığı və gücü ilə çalışırdı Heydər Əliyev. Bu, onun daxilindən gəlirdi. Belə bir maraqlı kəlam deyirdi: "Mən dünyada müəllimdən və müəllimlikdən böyük sənət tanımıram". Bu fikrin lazım olan böyük nümunələrini görmüşəm. O, istəyirdi ki, Azərbaycan oğulları yaxşı təhsil alsınlar və yaxşı da mütəxəssis olub, Vətənə qayıtsınlar. O, Azərbaycana rəhbərlik etdiyi vaxt Moskvaya gələndə vaxt tapıb bizlərlə görüşür və qayğılarımızla maraqlanırdı. Moskvada işləyən vaxtlarda da biz tələbələr onun diqqətində idik. Çünki Ulu Öndər bilirdi ki, bu gənclər Azərbaycanın gələcək taleyidir. Biz onunla görüşəndə bütün ruhumuzla bunu hiss edirdik. Ulu Öndərimiz Sovet İttifaqının rəhbərlərindən biri olanda da gənclərin inkişafına kömək edirdi. Bununla bağlı bir nümunə gətirim. Həmin vaxt SSRİ səviyyəsində ilk azərbaycanlı gənc həkim kimi elm sahəsində mənə Ümumittifaq Lenin Komsomolu mükafatı vermişdilər. Evdə idim, telefon zəng çaldı. Yarı Azərbaycan, yarı rus ləhcəsilə bir nəfər dedi ki, evdə olun, beş-on dəqiqədən sonra sizinlə SSRİ Nazirlər Sovetinin birinci müavini yoldaş Heydər Əliyev danışacaq. Açığı mən çaşıb qaldım və bir az da inanmadım. Fikirləşdim ki, dostlarımdan, tay-tuşlarımdan kimsə mənimlə zarafat eləyir. Amma heç beş dəqiqə keçməmiş yenə də telefondan zəng gəldi. Dəstəyi götürdüm. Gördüm ki, həqiqətən də danışan Ulu Öndərimiz Heydər Əliyevdir. Haqqımda xoş sözlər dedi. Mükafat almağım münasibətilə təbrik etdi və onu da dedi ki, bu mükafata layiq görülmək üçün SSRİ Elmlər Akademiyasının Prezidiumu səs verir. Bil ki, bu, böyük mükafatdır...
...İllər keçdi. Azərbaycan Yazıçılar Birliyinin qurultayında arxa sıralarda oturmuşdum. Yanımda Məmməd Aslan və başqaları var idi. Bir də gördüm ki, Xəlil Rza ilə Heydər Əliyev zala daxil oldular və yanımdakı boş yerdə əyləşdilər. Ulu Öndər mənimlə görüşdü. Mən ona bir daha o zaman layiq görüldüyüm mükafat münasibəti ilə təbrik etdiyinə görə təşəkkürümü bildirdim və dedim ki, artıq kafedra müdiriyəm. Həmin mükafatı alanda Azərbaycan rəhbərliyi məni təbrik eləmədi, amma Siz Moskvadan məni təbrik etdiniz. Buna görə çox sağ olun. Sizə dərin təşəkkürümü bildirirəm. O, özünəməxsus gülümsəyərək dedi: "Hər adam bir cür olur. Elə şeylərə fikir vermə". Fasilə vaxtı müxtəlif insanlar, məşhur yazıçılar, qələm əhli onun ətrafına toplaşdı. Həmin vaxt bir nəfər də ona yaxınlaşdı. Özünü təqdim etdi və dedi: "Siz filan vaxt məni həbs elətdirmisiniz. Mən 12 il həbs cəzası çəkmişəm. Deyim ki, Siz həmin vaxt çox düz hərəkət etdiniz. Qoy buradakı adamlar da bilsin ki, mənim günahım vardı, layiq olduğum cəzanı çəkmişəm. Amma mən Sizinlə fəxr edirəm. Nə yaxşı ki, Siz varsınız. Həmişə bizim böyüyümüzsünüz".
Moskvada aspiranturada və doktoranturada oxuyan illərdə elmi rəhbərim akademik Mixail Mixailoviç Krasnov idi. Ümumittifaq Göz Xəstəlikləri İnstitutunda, Birinci Moskva Tibb Akademiyasında akademik Krasnovun rəhbərliyi ilə həmin vaxt oftalmologiya ilə bağlı "Vestnik Oftalmologii" ("Oftalmologiya xəbərləri") adlı elmi dərgi-jurnal çap olunurdu. Bu jurnal dünyada ən yüksək reytinqli dərgilərdən biri sayılırdı. Zərifə xanım Əliyeva da həmin jurnalın redaksiya heyətinin üzvü idi. Hər 2-3 aydan-bir həmin jurnalın fəaliyyəti ilə bağlı toplantılar olurdu. Mən də aspirant kimi toplantılarda iştirak edirdim. Akademik Zərifə xanım da hər görüşümüzdə mənə deyirdi ki, "Heydər Əliyev sənin boy artımını çox izləyir. Həmişə deyir ki, məndən Paşaya salam de". Dünyaşöhrətli bir insanın cavan aspiranta belə yüksək münasibət bildirməsi mənim üçün çox böyük qiymət idi.
İndi Ulu Öndərin 100 illik yubileyini keçiririk. Baxmayaraq ki, o, 2003-cü ildə haqq dünyasına qovuşub, amma həmin vaxtdan Heydər Əliyevin ölümsüz həyatı başlayıb. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı və siyasət elmi yaşayana, insanlıq qalana qədər Heydər Əliyev yaşayacaq. Belə bir insanla təmasda olmağımla fəxr edirəm.
Dahi Heydər Əliyevin bütün fəaliyyəti dəyərli, fikirləri bütün zamanlar üçün örnəkdir. Onun həyatı, fəaliyyəti yüksək səviyyədə öyrənilməli və tədris olunmalıdır. Elə onun dediyi aforizmlərin özü çox böyük bir elmi dəyərdir. Onlardan birini misal gətirmək istəyirəm: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur". Görün nə qədər fəlsəfi, dünyəvi və dərin aforizmdir. Ulu Öndər bütün zamanlarda yaşayır, fəaliyyətdədir, o daim var olacaq. Fiziki ömrü Böyük Tanrı hər adam üçün lazım olan qədər yazıb. Amma bu ölməzlik hər adama nəsib olmur. Ölməzlik nəsib olan Azərbaycanın böyük oğullarının ilk sırasında məhz Ulu Öndər Heydər Əliyev dayanır. O, deyirdi ki, "azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir". Dahi rəhbər bu azadlığı və istiqlaliyyəti bizim üçün qoyub getdi və biz də onu qorumalıyıq.
Paşa Musayev QƏLBİNUR,
Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor