Drag

Məqalə

Gənclərin Hamisi

None

Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.

 

HEYDƏR ƏLİYEV

Ümummilli lider

 

Müstəqilliyimiz bərpa edildikdən günümüzədək Azərbaycan gəncliyi böyük inkişaf yolu keçmişdir. Ölkəmizin ictimai-siyasi, sosial-mədəni arenasında fəal iştirakına həmçinin, sağlam bədənli, sağlam ruhlu, düşünmək baxımından kreativ yeni nəslin formalaşmasına gəncliyin töhfəsinin təmin olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır.

Hələ 1969-1982-ci illərdə ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqlarının, gənclik mərkəzlərinin, hərbi məktəblərin açılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa, müasir ixtisaslara yiyələnmələri üçün göndərilməsi danılmaz faktdır. Onun şəxsi təşəbbüsü və qayğsı sayəsində Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Ulu öndər Azərbaycan gənclərinin l forumunda bu məsələyə toxunaraq demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu gənclər keçmiş SSRİ- nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Bundan əlavə, sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmağını xüsusi qeyd etməliyik. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük hünər tələb edirdi. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Lakin uzaqgörən liderimiz gənclərimizin hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların bu istiqamətdə hazırlanması üçün son dərəcə vacib olan bir tədris ocağını yaratmağa müyəssər olmuşdu.

Təəssüf ki, ölkəmizdə 1988-ci ildən 1993-cü ilə qədər hökm sürən gərgin və o qədər də qarışıq ictimai- siyasi proseslərin məngənəsində gənclər sektoru tənəzzülə uğradı. Gənclər ictimai-siyasi proseslərdən, böyük idman arenalarından, demək olar ki, kənarda qalmışdı, gənclərin potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti, demək olar ki, unudulmuş, ən yaxşı halda isə arxa plana keçirilmişdi. Ölkədəki qeyri- leqal, siyasiləşmiş silahlı qruplaşmaların mövcudluğu və onların hakimiyyət və nüfuz uğrunda qeyri-sivil mübarizəsi ağır olan vəziyyəti daha da ağırlaşdırırdı. Həmin dövrdə Azərbaycan gəncliyinin səmərəli inkişafı məsələsi diqqətdən tamam kənarda qalmışdı, onlardan ancaq mənfur niyyətlərin həyata keçirilməsi istiqamətində bir vasitə kimi istifadə edilirdi. Gənclərin böyük əksəriyyəti ayrı-ayrı hakimiyyət hərisləri tərəfindən yaradılmış qanunsuz silahlı qruplaşmalara cəlb edilirdi. Bu isə xalqın nümayəndələrinin bir-birinə inam hissinin zəifləməsinə gətirib çıxarmışdı.

Bu aksiomadır ki, dünyanın hər yerində dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf fonunda gələcəyin etibarlı təminatı intellektual səviyyəsi və hərtərəfli potensialı yüksək olan kadrların yetişdirilməsindən, cəmiyyətin bütün sahələrində gənclərin yaxından iştirakının təmin edilməsi ilə onların imkanlarından səmərəli istifadə olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə inkişaf sıçrayışına nail olduğu kimi, gənclər siyasəti sahəsində də konseptual əsasların yaradılmasının, bu sahənin inkişaf etdirilməsinin vacibliyini müəyyənləşdirdi. Bundan sonra gənclər dövlət səviyyəsində, birbaşa ölkə başçısının dəstəyi ilə himayə olunmağa başladı. Bu danılmaz gerçəkliyi siyasi fəaliyyəti boyunca dərindən anlayan, gəncliyə qayğını öz iş prinsipinə çevirən və onların inkişafı üçün hər cür lazımi tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyev faktoru bir reallıq idi. Ümummilli lider Heydər Əliyev ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparmaqla yanaşı, bütün bu proseslərdə gənclərin iştirakına, onların roluna xüsusi diqqət yetirirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edilməsi, onların irəli çəkilməsi onun əsas tapşırıqlarından biri idi.

Ulu öndərin hakimiyyətə qayıdışından sonra 1994-cü il iyulun 26-da verdiyi fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, çox mühüm qərar idi. “Hər bir Azərbaycan gənci, hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, – deyən ulu öndər sözügedən nazirliyin əsasını qoymaqla bu sahənin inkişafına dövlət məsuliyyətini müəyyənləşdirdi. Bu qurum qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanına əsasən, Azərbaycanda İdman Fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident Fondundan vəsait ayrıldı. Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. O deyirdi: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.” Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I forumu keçirildi. İlk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən, qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında

sərəncam imzaladı.

Bundan əlavə, gənclərin II forumu, həmçinin imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi. Prezident Heydər Əliyevin verdiyi bu fərmanlar və atdığı davamlı, qətiyyətli addımlar sayəsində gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən sistem ərsəyə gəldi. Onun sayəsində gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli -mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ənənəyə çevrildi.

Ulu öndər fərman və sərəncamları bu sahədə böyük inkişaf xəritəsi tərtib etdi. Gənclərimizin gələcəyini müəyyənləşdirən bu qərarlar çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edirdi. Bu tarixi fərmanları, əslində, Azərbaycan gənclərinin həyatında yeni mərhələ, dönüş nöqtəsi hesab etsək, yanılmarıq.

Sözsüz ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan Respublikasını inkişafa aparan təməl prinsiplərdən biri kimi qəbul olunur. Gənclər, əslində, cəmiyyətin və dövlətin səsidir. Güclü cəmiyyətin və güclü dövlətin formalaşdırılması üçün sağlam bədənli və sağlam ruhlu gənclərin olması mütləq vacib və əhəmiyyətlidir. Bu baxımdan, Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə ölkə rəhbərliyinə seçildiyi   ilk   günlərdən   bu   günədək gənclərlə iş məsələsinə eyni səviyyədə diqqətlə yanaşılır.

Məhz Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı haqqında (2005-2009)" fərmanın imzalanması, Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, “Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanları yaradır və bunun da əsasında dövlət başçısı İlham Əliyevin apardığı gənclər siyasəti dayanır.

Fərəhli haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 illik zaman kəsiyində respublikamızda bədən tərbiyəsi və idman sahəsində bir sıra sərəncam və fərmanlarla tarixiləşdi. 2005-ci il 4 mart tarixli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının və “Bədən tərbiyəsi və İdman Günü”nün təsis edilməsi, 2005-ci il 10 oktyabr tarixli “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” haqqında Prezidentin fərmanı bütün idman ictimaiyyətinə verilən yüksək qiymətin təzahürüdür. Ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına evsahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması əlamətdar hadisə olmuşdur. Azərbaycan idmançılarının XXIX Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “XXIX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncamı əsas zəmin yaratmış oldu (24.07.2006-cı il). 27 avqust 2009-cu il tarixində “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalamışdır. Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına evsahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması da növbəti əlamətdar hadisə olmuşdur. Prezident İlham Əliyevin hələ 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə 2012-ci il ölkədə “İdman ili” elan olunmuşdu. Bundan əlavə, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm idman yarışlarının Bakıda keçirilməsi, dünyada ən reytinqli idman yarışlarından sayılan “Formula-1”-in paytaxtımızda keçirilməsi ölkəmizin beynəlxalq idman təşəbbüslərinə açıq olduğunu dəfələrlə təsdiqləmiş oldu. 

 

Dövlət başçısı Birinci Avropa Oyunlarından sonra çıxış edərkən demişdi: Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi. Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır...İslam Oyunları da ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.” Bəli məhz elə də oldu. IV İslam Həmrəyliyi Oyunları sayəsində müsəlman dünyası həm mötəbər idman yarışlarına qatıldı, həm də Bakının tərəqqisini, eləcə də Azərbaycanda idmanın sürətlə inkişafını seyr etdi.

Beləliklə, vaxtılə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər və idman siyasəti bu gün ən yüksək mərtəbələrdə təmsil olunur və dövlətimizin, xalqımızın şan-şöhrətini ucaldır. Dövlət başçımız cənab İlham Əliyevin apardığı islahatlarda gənclərin önə çəkilməsi yeni təyinatlarda aydın görünür. Yeni yaradılan strukturlar da məhz gənclərin iştirakı və töhfəsi ilə həyata keçirilir. Artıq Azərbaycan gəncliyi güc strukturlarından tutmuş, idarəetməyə qədər çox ciddi sahələrdə öz sözlərini deməkdədirlər. Əminik ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir və ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycan gələcəyə daha inamla və əzmlə çıxacaqdır. Bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, onun şah əsəri olan müstəqil Azərbaycanı gələcək nəsillərə inamla, əzmlə ötürməlidir.

 

Adil Əliyev,

Milli Məclis Sədrinin müavini, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!