Dünya Azərbaycanlılarının Fəxri
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru
Qeyri-ixtiyari olaraq hər birimiz Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyevdən danışanda Azərbaycanı düşünür, şüurumuzda və gözlərimizin önündə onu canlandırırıq.
Azərbaycandan xaricə baxanda və xaricdən Azərbaycana boylananda dövlət rəmzlərimiz kimi, Heydər Əliyev fenomeni görsənir.
Təkcə Azərbaycan tarixini götürsək, öz izlərini qoyub-getmiş müxtəlif sahələr üzrə bir çox görkəmli siyasi və dövlət xadimlərimiz olmuşdur.
Heydər Əliyevi həmin şəxsiyyətlərdən fərqləndirən bir çox əlamət və cəhət vardır. Ən əsası, universal bilik və bacarığa sahib olması, milli missiya daşımasıdır.
Bu xüsusda, milli məsələlərə lokal deyil qlobal baxışının olması, bir etnosun bütövlüyü, birliyi və həmrəyliyi istiqamətində vahid ideologiyanın - “birləşdirən dəyərin” azərbaycançılıq təlimini formalaşdırmasıdır.
Məhz buna görə də, Heydər Əliyev Azərbaycan xalqının, bütövlükdə dünya azərbaycanlılarının lideri statusunu təbii olaraq qazanmışdır.
Heydər Əliyevin dünya azərbaycanlıları ilə iş sahəsindəki sistemli yanaşmasını beş istiqamətə, yəni mərhələyə ayıra bilərik:
Birinci mərhələ, (1967-1969) - milliləşdirmə, dövlətçilik şüurunun formalaşdırılması və “azərbaycançılıq” ideologiyasının toxumlarının səpilməsi və yayılması (DTK-nin sədri olduğu vaxt müxtəlif təmayüllü dərnəklər vasitəsilə həyata keçirdiyi fəaliyyət).
İkinci mərhələ, (1969-1982) - milli genefondun qorunması və mövcud imkanlardan maksimum istifadə edərək müvafiq işin aparılması, dissident hərəkatını mühafizə etməsi (Azərbaycana rəhbərliyinin birinci dövrü - Vətən Cəmiyyəti kontekstində).
Üçüncü mərhələ, (1982-1987) - Azərbaycanın SSRİ-nin kənarda tanıdılması və təbliğ olunması (SSRİ-dəki rəhbərliyi illərində plan və proqramların qəbulu, səfərləri və çıxışları zamanı).
Dördüncü mərhələ, (1990-1993) - milli təlatümlərin baş verdiyi dövrdə azərbaycanlıların birliyi və həmrəyliyinə nail olunması istiqamətində konkret addımların atılması, habelə Vətən naminə yumruq kimi birləşdirilməsi istiqamətində nəticəyə nail olunması (Naxçıvandakı fəaliyyət illəri).
Beşinci mərhələ, (1993-2003) - milli dirçəlişə nail olunması, dünya azərbaycanlılarının təşkilatlanması, Azərbaycan diasporunun formalaşdırılması və vahid xətt üzrə inkişafı (müstəqil Azərbaycana rəhbərliyi illəri).
Azərbaycan Respublikasının daxili və xarici siyasətində, humanitar sahədə xalqlar və dövlətlər arasındakı münasibətlərində diasporun müəyyən yeri və rolu vardır.
Sovet hakimiyyəti dövrü Vətən cəmiyyətinin genişləndirilməsi və intensiv tədbirlər görülməsi, sonra Naxçıvanda birlik və həmrəylik xüsusunda qəbul edilən qərarlar, daha sonra Azərbaycan dövləti səviyyəsində dünya azərbaycanlıları, xaricdə yaşayan soydaşlar və həmvətənlər ilə bağlı konkret və kompleks aktlar Azərbaycan diasporu və lobbisinin rüşeyimi hesab oluna bilər.
Dünya azərbaycanlılarının konsolidasiyası və koordinasiyasının əsasını təşkil edən, habelə Azərbaycan diasporunun təməlini qoyan Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə keçirilən I Qurultay zamanı Ümummilli Lider çıxışında təkcə milli birliyə və həmrəyliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın və gücləndirməyin yollarını da göstərmişdir. Gələcək milli prioritetləri və hədəfləri müəyyən etmişdir.
Heydər Əliyev qurultaydakı strateji və ideoloji məzmunlu nitqində bildirmişdir:
“Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada Müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir?!”.
Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev dünyanın mövcud siyasi mənzərəsinə uyğun yaratdığı optimal idarəetmə üsulu ilə hər bir sahədə olduğu kimi Azərbaycan diasporunun yaranmasına da xüsusi diqqət yetirmişdir.
XX yüzilliyin son on illiyi SSRİ-nin süqutu ilə daha çox əlamətdar sayılır. Bununla da keçmiş ittifaq respublikalarının, eləcə də dünyanın həyatında yeni mərhələ başlanmışdır. Təbii ki, bu proseslər Azərbaycandan da yan keçməmişdir. Qədim, tarixi və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı, SSRİ-nin süqutundan sonra öz müstəqilliyini elan edərək tarixə müstəqil bir dövlət kimi daxil oldu və qısa zaman kəsiyində özünü dünyada tanıda bildi. Bu, xalqımızın azadlıq və müstəqilliyi uğrunda apardığı prinsipial mübarizədə qazandığı parlaq nailiyyət və tarixi qələbəsi idi.
Bu tarix Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının həyatında böyük dönüş yaratmışdır. Məhz elə müstəqilliyin Azərbaycana verdiyi əsas töhfələrdən biri də xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimiz ilə möhkəm bağların yaranması, genişlənməsi və möhkəmlənməsi olmuşdur. Dövlət müstəqilliyi bərpa edildikdən sonra milli birliyin qorunması, dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi meydana çıxdı. Bu isə dövlət və cəmiyyət quruculuğuna mahiyyətcə və keyfiyyətcə yeni yanaşma tələb edirdi. Dövlət maraqları ilə milli mənafenin vəhdəti sovet dönəmindən sonra ictimai şüurda inqilabi hadisə, milli təkamüldə və milli özünüdərk prosesində yeni mərhələ idi. Bunun əsas zəmini ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının arasında böyük nüfuza malik olması, milli ideologiyanın yaradıcısı kimi qəbul edilməsi ilə qoyuldu.
Yaxın tarixi keçmişimizə nəzər salsaq görərik ki, Azərbaycanda dövlətçilik təfəkkürü və milli mənlik şüuru hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən mahiyyətcə və keyfiyyətcə yeni sosial-mədəni əsasda vüsətlə inkişaf etməyə başlamışdır. Elə bu illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyatın bütün sahələrində - iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni və sair sferalarda uğurlar qazanmaqla respublikamızı təkcə SSRİ-də deyil, bütün dünyada tanıtmağa nail ola bilmişdir. O dövrdə sərt imperiya qadağalarına baxmayaraq müstəsna siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirərək xalqımız və respublikamızın yüksəlişi üçün misilsiz xidmətlər göstərən, mükəmməl siyasi-iqtisadi mexanizm quran ümummilli lider Heydər Əliyevin milli-mənəvi köklərimizə bağlılığı, tariximizi dərindən bilməsi, təəssübkeşliyi və təşəbbüsü, milli mənafeyimizi hər şeydən uca tutmasının nəticəsidir ki, azərbaycanlıları birləşdirəcək konseptual ideya - azərbaycançılıq məfkurəsi formalaşmağa başlamışdır.
Belə ifadə etmək olar ki, tarixin müəyyən mərhələlərində dünyanın müxtəlif qitələrinə səpələnən həmvətənlərimizi milli məqsəd ətrafında birləşdirən “azərbaycançılıq” ideologiyasının toxumları məhz həmin dövrdə səpilmişdir.
Hələ SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi reallıqları və sovet ideologiyasının hakim olduğu dövrdə xarici ölkələrdə yaşayan soydaşlar və həmvətənlər ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verilməsə də, Heydər Əliyev respublikaya rəhbərliyi dövründə mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan səmərəli şəkildə istifadə olunurdu.
Müxtəlif ölkələrlə mədəni əlaqələrin güclənməsi, xaricdə yaşayan həmvətənlərlə əlaqələrin yaradılması, onların birliyinə və Vətənlə körpünün inşasına xidmət edən mühüm addımlardan biri Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin - Vətən cəmiyyətinin işinin təkmilləşdirilməsi oldu.
Ona görə ki, bütün qadağalara baxmayaraq onun dövlətçilik nəzəriyyəsində xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlılarla sıx əlaqələrin qurulması və gələcəkdə Azərbaycan diasporunun formalaşması başlıca plan olmuşdur.
Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikanın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı. Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.
Belə ki, Heydər Əliyev xaricdə yaşayan mühacirəti və Azərbaycan xalqını humanitar, mədəniyyət, incəsənət, ədəbiyyat, ortaq dəyərlər əsasında birləşdirdi, siyasi mühacirətin milli-mədəni inkişafa dair söylədiklərini Azərbaycanda real işlərlə həyata keçirməyi bacardı.
Bununla da harada yaşamasından asılı olmayaraq azərbaycanlıları birləşdirə bildi.
Çünki o, uzaqgörənliklə xaricdə yaşayan azərbaycanlılara Azərbaycan xalqının dayağı kimi baxır, vətənə dəvət etmələrinə şərait yaradır, diqqət və qayğı göstərirdi.
Bu xüsusda, Heydər Əliyev təşkilati işlərə başladı və fundamental tədbirlər gördü.
Onun təşəbbüsü ilə Azərbaycan KP MK bürosunun 1973-cü il 28 avqust tarixli iclas qərarı əsasında Azərbaycan xarici ölkələrdə dostluq və mədəni əlaqələr cəmiyyəti nəzdində xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsi yaradıldı.
Göründüyü kimi, Heydər Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurulması məsələsinə münasibəti daha geniş və əhatəli idi.
Ona görə ki, o, xaricdəki azərbaycanlıları şimallılarla və cənublulara ayırmır, onlara eyni siyasət bəsləyir, nəinki mənəvi, bəzilərinə hətta maddi yardımlar edilməsi üçün göstərişlər verirdi.
Məsələn, 1975-ci ildə Qərbi Avropa ölkələrində təhsil alan cənubi azərbaycanlıların bir qisminə maddi yardım edilmişdi. Heç şübhəsiz, bu yardımlar dövlətin ümumi siyasi məqsədlərinə xidmət etsə də, eyni zamanda gələcəkdə xarici ölkələrdə Azərbaycan diasporunun yaradılmasına, Azərbaycan haqqında düzgün-dolğun məlumatların yayılmasına yönəlmişdi.
Bəllidir ki, müstəqilliyin ilk illərində Azərbaycan diaspor təşkilatlarında çoxluğu Cənub qanadı təşkil edirdi.
Hətta, mərkəz Moskvanın Azərbaycanda Vətən cəmiyyətinin yaradılmasına etiraz etməsinə baxmayaraq, Heydər Əliyev bu sahədə fəaliyyətini dayandırmadı. Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun 1976-cı il 5 oktyabr tarixli iclasında xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin işini yaxşılaşdırılması haqqında qərar qəbul edildi.
Təkcə bir faktı demək kifayət edər ki, o dövrün mənzərəsini gözümüzün önündə canlandıraq. Yəni, Sovet xalqının kimlik sayıldığı və milli mənsubiyyət ifadəsinin arxa plana keçdiyi, habelə diasporçuluq və lobbiçilik fəaliyyətinin yasaqlandlğı, hətta müvafiq lüğətlərə belə salınmadığı kəşməkeşli vaxtları nəzərdə tuturuq.
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün hoteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir.
Heydər Əliyev Bakıya döndükdən sonra Nəsiminin tanıdılması, 600 illik yubileyinin keçirilməsi və kinofilmin çəkilişi məsələlərini gündəliyə gətirir. UNESCO-nun “Kuryer” jurnalında İ.Nəsimi haqqında geniş məqalə dərc edilir, əsərləri ingilis, fransız və başqa dillərə tərcümə edilir.
Bu müxtəlif vaxtlarda xaricə miqrasiya etmiş, yaşamış və yaşayan azərbaycanlılara baxışın formalaşması, bu xüsusda təbliğat və təşviqat işlərinin aparılması prosesinin başlanğıcı idi.
Bu cücərən toxumlar SSRİ-nin dağılmağa başladığı ilk illərdə pöhrələnməyə başlamışdır. Məhz müstəqilliyimizin ilk illərində də dünyada yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi yolunda ilk addım da ulu öndərin təşəbbüsü ilə 1991-ci ilin dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin sessiyasında atıldı. Bununla bağlı qərara 31 dekabrın Dünya azərbaycanlılarının milli həmrəyliyi günü kimi bayram edilməsini nəzərdə tutan müddəa ilə yanaşı, bu günün bütün Azərbaycanda qeyd edilməsi barədə Respublika Ali sovetinə təklif verilməsinin zəruriliyini bildirən xüsusi bənd də salındı. Bu tarixi sessiyadan 9 gün sonra, dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunması barədə qərar verildi.
Lakin bu məsələlərin genişləndirilməsi, dünya ictimaiyyətinə çatdırılması bir qədər sonra daha miqyaslı və effektiv şəkil aldı. Belə ki, 1993-cü ilin iyun ayının 15-də xalqın tələb və təkidi ilə ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə cəlb ediləndən sonra bütün sahələrdə, o cümlədən dünyada yaşayan azərbaycanlılarla iş sahəsində mahiyyət və keyfiyyətcə yeni mərhələ başlanmışdır. Ulu öndər milli mənliyin prioritet məsələ olduğunu dövlət rəhbəri olaraq xalqa bəyan etdi. Məsələn, ulu öndər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təntənə ilə qeyd olunmasına dair Sərəncam verdi və hər il bu tarix münasibətilə müvafiq müraciət ünvanladı.
Bu da ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin yaranmasında atılan əlahiddə addımlardan biri olmuşdur. Bir daha harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı əmin ola bilmişdir ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi Vətəni və öz ata-baba yurdudur.
Yeni dövrdə azərbaycanlıların daha müasir təşkilatlanması məsələsi müstəqil dövlətçilik baxımından əlahiddə xarakter daşıyırdı.
Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi haqqında 2001-ci il mayın 23-də Heydər Əliyevin tarixi sərəncam imzalaması isə bu möhtəşəm məsələnin gerçəkləşməsinə istiqamətlənmişdi. Həmin il noyabrın 9-da və 10-da keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayı tarixə böyük bir prosesin başlanğıcı kimi daxil oldu.
Ümummilli liderin qurultaydakı nitqini “Azərbaycanlılar, harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” fikri ilə başlayıb, nitqinin sonunu “Mən fəxr edirəm ki, azərbaycanlıyam” çağırışı ilə bitirdiyi və bu çağırışın başlıca şüara çevrildiyi qurultay dünya azərbaycanlılarının konsolidasiyası və inkişafı prosesində əhəmiyyətli dönüşə aparan müstəsna addım oldu.
Diaspor quruculuğunda mühüm sahələrdən biri də xaricdəki azərbaycanlılar ilə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsidir. Heydər Əliyevin “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli fərmanı, 2003-cü il 21 fevralda qüvvəyə minən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair fərmanı və digər anoloji tədbirlərin görülməsi bir daha sübut edir ki, Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan dövlətidir. Dünya azərbaycanlılarının mütəşəkkilliyi və diasporumuzun dünyada güclü mövqeyi olan, Azərbaycana qarşı düşmən münasibət bəsləyən erməni lobbisinə qarşı dayanıqlı və hazır olmasının təmin edilməsi, Azərbaycanın bir millət və dövlət olaraq mənafeyinin dünya çapında diasporumuz tərəfindən də qorunmasının mümkünlüyü baxımından yuxarıda qeyd edilən fərmanların həlledici rolu var.
Azərbaycan diasporunun formalaşması və güclənməsinə böyük önəm verən dahi
Heydər Əliyev rəsmi və qeyri-rəsmi xarici səfərlərdə olduğu ölkələrdə yaşayan azərbaycanlılarla görüşmüş, bu intensiv görüşlərdə doğma Azərbaycana məhəbbət aşılamış, bu görüşlərdən sonra həmin ölkələrdə xaricdəki soydaşlarımız və həmvətənlərimiz bir araya gəlmiş, təşkilatlanmış, onlar doğma vətən Azərbaycanla sıx əlaqə yaratmağa başlamış, ayrı-ayrı ölkələrdə diaspor quruculuğu genişlənmişdir.
Bakı şəhərində 2006-cı ildə dünya azərbaycanlılarının ikinci, 2011-ci ildə üçüncü, 2016-cı ildə dördüncü qurultayı bu yeni mərhələdə qarşıda duran əsas vəzifələri müəyyən etmiş, xaricdə yaşayan azərbaycanlıların birliyi və həmrəyliyinin mayə və qayəsinin yeni dünyanın reallıqları kontekstində həyata keçirilməsinin əsas prinsipləri göstərilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı nitqində Azərbaycanın milli mənafelərinin müdafiəsi işini xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənimizin hər birinin qarşısında duran prioritet vəzifə kimi qiymətləndirmişdir:
“Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.”
2006-cı ilin iyununda Türkiyənin Antalya şəhərində keçirilmiş dünya azərbaycanlı ziyalıların - mədəniyyət və incəsənət xadimlərinin üçüncü forumu diaspor quruculuğu işinə yeni çalar vermişdir. Bu forumun əhəmiyyəti azərbaycanlı ziyalıların diaspor hərəkatına daha geniş cəlb edilməsindən ibarət olmuşdur. XX əsr türk dünyasının görkəmli dövlət xadimləri və siyasətçilərinin bir araya gəlməsi ümumtürk problemlərinin həllinə dair müzakirələr aparması, düşüncələri və təklifləri ilə bu işə töhfələrini vermələri sözügedən forumda cərəyan etmişdir.
Sözügedən sahədə bunun bariz göstəricisi olaraq 2007-ci il martın 9-da Bakıda Azərbaycan-türk diasporunun birgə forumu keçirilməsini qeyd edə bilərik. Forumda türk dövlətləri arasında strateji ortaqlığın inkişaf etdirilməsi, diaspor iş birliyi, türk tarixi, sosial-iqtisadi inkişaf, mədəniyyətlə əlaqəli faktların dünya ictimaiyyətinə çatdırılması, türk diaspor təşkilatlarının işinin yüksək hala gətirilməsi, ayrı-ayrı ölkələrdə yaşayan türklər arasındakı münasibətlərin inkişafı və yaşadıqları problemlərin qaldırılması kimi müzakirələr aparılmışdır.
Bundan başqa forumda türk-Azərbaycan diaspor təşkilatları ortaq fəaliyyət protokolu, dünya türklərinə müraciət, Bakı bəyannaməsi, Ermənistanın Azərbaycana təcavüzü və ermənilərin Türkiyəyə qarşı terror və soyqırımı sayıqlamalarına qarşı bəyanat, Ermənistanın Azərbaycan torpaqlarının işğalını pisləyən qərar, sözdə erməni soyqırımını qəbul edən ölkələrə etiraz bəyanatının protokolları qəbul edilmişdir.
Forumun nəticələri Türkiyə və Azərbaycan diaspor təşkilatlarının sıx əməkdaşlığına, birləşməsinə, Azərbaycan və türk xalqlarının birliyinin və milli mənafelərinin təmin edilməsinə, dövlət maraqlarının qorunmasına, tarixin sınaqlarından çıxmış dostluq tellərinin möhkəmlənməsinə öz töhfəsini vermişdir.
Özlüyündə bu bir örnək kimi, digər türk xalqları və dövlətləri, TDT ilə əməkdaşlığın yaranmasına sirayət etmişdir.
Bu məqamla bağlı bir məsələni də qeyd etmək lazımdır.
Azərbaycan diasporu bizə yaxın olan başqa ölkələrin diasporları ilə strateji tərəfdaşlıq məsələsi bu gün diqqət mərkəzindədir.
Bu baxımdan Azərbaycan haqqında mövcud reallıqları dünyada daha ətraflı təqdim etmək, diasporlararası əlaqələrin güclənməsi yolunda olan maneələri daha asan dəf etmək olar. Çünki digər güclü diasporlarla bu cür tərəfdaşlığın qurulması beynəlxalq təqdimata daha çox imkanlar açır.
Diaspor quruculuğunun təkmilləşdirilməsi ilə bağlı məqsədyönlü siyasətin yeni və vacib çalarlarla davam etdirilməsinin daha bir göstəricisi isə qabaqcıl gənclərimizin dünyada yüksək ixisaslı azərbaycanlı mütəxəssislərin, gənclərin bu yöndə təşəbbüslər göstərmələridir.
Məlumdur ki, hər bir xalqın dünyəvi özünüifadəsi və özünümüdafiəsi üçün kifayət qədər diaspor potensialının olması zəruridir.
Bu gün dünyanın beş qitəsinə səpələnən soydaşlarımız və həmvətənlərimizdən ibarət nizami diaspor kontingentinin və onların mövcud təşkilatlarının əsas vəzifə və funksiyası Heydər Əliyevin milli inkişaf prioritetləri və Dövlət başçısı İlham Əliyevin yeni çağırışlı diasporla iş sahəsində dövlət siyasəti əsasında yaşadıqları, fəaliyyət göstərdikləri təyinat ölkələrinin qanunları çərçivəsində öz varlığının, birliyinin və həmrəyliyinin, etnik adət-ənənələrinin daşıyıcısı olmaq və bunlarla yanaşı xalqlar arasında sosial-mədəni əlaqələrin, dövlətlərarası əməkdaşlığın inkişafına töhfə verməkdir.
Azərbaycan xalqının birliyi və həmrəyliyini təcəssüm etdirən 44 günlük Vətən müharibəsinin kuliminasiya nöqtəsi - Zəfər Zirvəsi sayılan Qarabağın baş tacı Şuşanın azad olunması ilə əlaqədar qalib Ordunun Müzəffər Prezideni İlham Əliyevin müraciətindəki ştrix-kodlar Ata vəsiyyətinin yerinə yetirildiyinə bir işarə idi.
O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi: “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Məhz Dünya azərbaycanlılarının V qurultayının Şuşada reallaşdırılması da təsadüfi hadisə deyildir. Bu forma və məzmununa görə yeni hədəf və ideoloji mərhələnin başlanğıcına incə bir işarədir.
Göründüyü kimi, bu sahə dünən olduğu kimi, bu gün də aktuallığını itirməyibdir. Çünki bu bir milli məsələ və bəşəri həlldir.
Buna görə də diaspor strateji və həssas orqanizm olaraq daim diqqət mərkəzində olacaq və qayğı ilə əhatələnəcəkdir.
Heç şəksiz və şübhəsiz ki, Heydər Əliyev yolu bu sahədə davam etdirilməklə zaman-zaman öz bəhrəsini verəcəkdir.
Qlobal çağırışlar, beynəlxalq humanitar problemlər, etnik-milli məsələlər fonunda müasir mərhələyə qədəm qoyan diasporla iş sahəsində gözləntilər özünü doğruldacaq və milli məqsədyönlü nəticələrə nail olunacaqdır. Müasir beynəlxalq münasibətlər sistemində dəyişən reallıqlar kontekstində diasporla təkmil iş qurulacaq, milli brendimizə çevrilən Azərbaycan multikulturalizmi və tolerantlığı modelinin yayılmasına, “Zəngəzur məsələsi”nin həllinə və Qərbi azərbaycanlı qaçqınların öz ata-baba yurduna repatriasiyasına töhfə verəcəkdir.