Drag

Məqalə

Otuz il əvvəl oktyabrın bu günü xalq Heydər Əliyevə səs vermişdir

None

And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin et­mək üçün əlimdən gələni əsirgəməyəcəyəm. And içirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları­nın həyata keçirilməsinin təminatçısı olacaq, milliyyətin­dən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam. 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin birinci andiçmə mərasimindəki nitqindən

10 oktyabr 1993-cü il

 

Bəli, əziz oxucu, bu gün sən Ulu öndərin həmin nitqində səsləndirilən “Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni edəcəyəm və “milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam” vədlərinin tamamilə günümüzün reallıqlarına çevrildiyinin şahidisən. 

Ümummilli lider həmin nitqində onu da xatırlatmışdı ki, ölkəmizin xeyli his­səsi, Azərbaycan xalqı üçün əziz və mö­təbər olan Şuşa şəhəri artıq il yarımdır ki, əlimizdən gedibdir. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı ra­yonlarımız da erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olun­muş torpaqların hamısını geri qaytar­maq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuva­sından didərgin düşmüş soydaşlarımızı – bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.

Dəyərli oxucu, bir daha xatırladıram ki, sən həmin vədlərin də hamısının reallaşdırıldığını gördün, əlli milyonluq azərbaycanlıların hər biri kimi sən də sevindin, məmnun oldun, fəxr etdin. Sən yaxşı bilirsən ki, Ulu öndərin ilk andiçmədə səsləndirdiyi bu tezislərin həyata keçirilməsini bilavasitə Azər­baycan Prezidenti İlham Əliyev təmin etmişdir. Ancaq onu da bilirik ki, cənab Prezidentin bu möhtəşəm Zəfərinin təməli məhz 1993-cü il oktyabrın 3-də – ulu öndər Heydər Əliyevin ölkədə ilk dəfə Prezident seçildiyi gün qoyulmuş­du. 

Mən həmin gün ümummilli liderimi­zin səs verdiyi seçki məntəqəsində – prezidentliyə namizəd Heydər Əliyevin dörd-beş addımlığında idim və onun böyük qələbəyə olan inamını baxış­larından, təbəssümündən, qətiyyətli səsindən, oxuyanlardan olduğumun məmnunluğunu yaşayırdım. O, inanırdı ki, səsvermədə qalib gələcək, xalqı bu məhrumiyyətlərdən xilas edəcək, döv­lət müstəqilliyimizin bir əsrdə ikinci dəfə əldən getməsinin qarşısını alacaq. Ona görə inanırdı ki, xalqın ona olan inam və etimadından xəbərdar idi. Xalqın ona olan inamının təməlində isə ölkəyə birinci dəfə rəhbərlik etdiyi illərdəki təc­rübəsi və doxsanıncı illərin əvvəllərində mühasirədə olan Naxçıvanı düşmən iş­ğalından xilas etməsi dururdu. 

Xatırladaq ki, 1993-cü ildə Azərbay­canda keçirilən prezident seçkilərində üç namizəd mübarizə apardı. Heydər Əliyev, Karrar Əbilov və Zakir Tağıyev. Ümumi səslərin 98, 80 faizini toplayan Ulu öndər Azərbaycan Prezidenti seçil­mişdi.

Fikrimizcə, müstəqil Azərbaycanın həmin seçkilərdən əvvəl – 1993-cü ilin yayında yaşadığı günləri tam təfsilatı ilə yada salmağa qətiyyən ehtiyac yoxdur. Çünki həmin günlər hər bir azərbaycan­lının beyninə elə yazılıb ki, bu yazının silinməsi, unudulması qətiyyən mümkün deyil. Belə ki, Azərbaycan həmin əsrdə bir dəfə öz dövlət müstəqilliyinə qovuş­muş, ancaq müstəqilliyin qorunub sax­lanılması mümkün olmamışdı. Ona görə də xalqın önündə gedən ziyalılar ikinci müstəqil dövlətimizin taleyindən çox ni­garan idilər. İnsanlar 1991-ci ildə qazanıl­mış müstəqilliyin də əldən getməsindən qorxurdular. Üstəlik, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 15 iyun 1993-cü ilə – Qur­tuluş Gününə qədər ölkədə gedən ict­mai-siyasi proseslər ikinci müstəqilliyin də məhvinə zəmin yaradırdı.

Xalq ölkədə amansızcasına davam edən hakimiyyət davasından bezmişdi. Əbdürrəhman Vəzirovun, Ayaz Mütəl­libovun, Əbülfəz Elçibəyin dövlət baş­çısı postunu buraxaraq qaçıb getmək ənənəsi insanları bezdirmişdi. Xalq azadlıq hərəkatının dalğası üzərin­də hakimiyyətə gəlmiş AXC–Müsavat iqtidarının imperiyapərəst qüvvələrlə apardığı hakimiyyət savaşı ölkəni xaos və anarxiya girdabına yuvarlamış, döv­lətçiliyin məhv olmasına real zəmin ya­ranmışdı. Türkiyəli ekspert Əli Bulacın söylədiyi kimi, həmin günlərdə mütəlli­bovçu qüvvələr də, Xalq Cəbhəsi də ta­mamilə hakimiyyətdən uzaqlaşdırılsay­dı və hakimiyyətə Əliyev deyil (söhbət Heydər Əliyevdən gedir – red.) başqa bir azərbaycanlı siyasətçi gəlsəydi, bu ölkə yenə də öz bəlaları içərisində bulunacaqdı. Ona görə də hakimiyyət kürsüsünə, idarəetmə sükanı arxasına Heydər Əliyevin gəlməsi zərurətini ta­rix, zaman yaratmışdı. Xalq bunu yaxşı dərk edirdi. Ona görə də mitinqlərdə, etiraz aksiyalarında belə bir ifadəyə tez-tez rast gəlinirdi: “Oyanmış xalqa yat­mış rəhbər gərək deyil!”

Beləliklə, Heydər Əliyev ilk seçkidə qalib gəldi və uçurumun bir addımlığın­da olan dövlət müstəqilliyimizin qorunub saxlanılmasını təmin etdi. Ulu öndərin Azərbaycan tarixi qarşısındakı ən bö­yük xidmətlərindən biri isə 2003-cü il ok­tyabrın 1-də xalqa ünvanladığı müraciət olmuşdu. Böyük dövlət xadimi həmin müraciətində deyirdi: “İnanıram ki, mə­nim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.

Bəli, doğrudan da, ümummilli lide­rimizin başa çatdıra bilmədiyi taleyüklü məsələləri məhz cənab Prezident İlham Əliyev başa çatdırdı. Bu məsələlər han­sılar idi? 

Birinci, Heydər Əliyevin qoruyub saxladığı Azərbaycanın dövlət müstəqil­liyinin əbədiləşdirilməsi. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə nail olmaqla sübut etdi ki, biz artıq bey­nəlxalq aləmin əsas söz sahiblərindən biriyik. 

İkinci, ölkəmizin ərazi bütövlüyü­nün bərpası. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri barədə danışarkən dəfələrlə deyib ki, Şuşa şəhəri düşmən əsarə­tindən azad edilən gün mən getdim Ulu öndərin məzarı önündə dedim ki, tapşı­rıq yerinə yetirildi. 

Üçüncü, Ulu öndərin əsas məqsəd­lərindən biri də Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının yüksək sə­viyyəyə qaldırılması idi. Bu gün 200 mil­yondan çox əhalisi olan Türk dünyasın­da hamı etiraf edir ki, bizi Turan birliyinə aparan iki dahidən biri Rəcəb Tayyib Ərdoğan, o biri isə İlham Əliyevdir. 

Dördüncü, Ulu öndər bizim Avropa ölkələri ilə əməkdaşlığımıza çox böyük önəm verirdi. Prezident İlham Əliyevin uğurlu siyasi-diplomatik fəaliyyətinin nə­ticəsi olaraq, bu gün Avropa İttifaqına üzv olan ölkələrdən doqquzu Azərbayca­nın strateji tərəfdaşıdır. Bu isə cəmi otuz ildən bir az artıq müstəqillik tarixi olan dövlət üçün olduqca böyük uğurdur. 

Bəli, Heydər Əliyev siyasi kursu bizə çox sevinclər yaşadıb. Ancaq Prezident İlham Əliyevin fikrincə, bizim daha bö­yük uğurlarımız və daha möhtəşəm se­vinclərimiz hələ qarşıdadır. İnanırıq ki, Azərbaycan xalqı həmin hədəflərə ge­dən yolda da Prezident İlham Əliyevin dayağı və dəstəyi olacaq. 

 

İttifaq MİRZƏBƏYLİ

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!