Drag

Müsahibə

Yazıçı Aleksandr Proxanovla müsahibə

None

Yazıçı Aleksandr Proxanovla müsahibəsi

(12 avqust 1993-cü il)

Aleksandr Proxanov: Heydər Əliyeviç, indi aydındır ki, Azərbaycanın ən yeni tarixində daha bir dövr başa çatır. Xalq Cəbhəsinin il yarımlıq "hökmranlığı" sanki bir saatın içində qurtardı. Bu "hökmranlıq" elə bil tüstü kimi çəkilib getdi. Siz bunu nə ilə izah edirsiniz? Bu dövr Azərbaycan üçün nə demək idi?

Heydər Əliyev: – Bu, respublikanın qara günə qoyulması, dağıdılması demək idi. Onlar hər şeyi – təsərrüfatı da, mənəviyyatı da, psixologiyanı da viran qoymuşlar. Ən dəhşətlisi bu idi ki, adamlar daha əlini ağdan-qaraya vurmur, işləmirdilər. Elə işləmək imkanının özü də yox olub getmişdi. Bilirsinizmi, biz Lənkəranda boş yerlərdə, çöllü-biyabanlıqda misilsiz, barlı-bərəkətli tərəvəz plantasiyaları yaratmışdıq. O yerləri "Ümumittifaq bostanı" adlandırırdılar. Orada əla faraş pomidor, xiyar, digər bostan məhsulları əkilib- becərilir və bütün bu nemətin hamısı Norilskə, Urala, Moskvaya göndərilirdi. Respublika olduqca böyük məbləğdə gəlir götürür, Rusiyanın sənaye mərkəzləri isə dadlı-ləzzətli tərəvəz alırdılar. Yadımdadır, Finlandiya prezidenti Urxo Kekkonen bu yerlərə istirahətə gəlmişdi və plantasiyalara heyran qalmışdı. Bəs hanı indi bu plantasiyalar? Hər şey başlı-başına buraxılmış, bərbad hala salınmışdır – yenə əvvəlki düzəngahlığa, çöllü-biyabanlığa çevrilmişdir. Camaat işsizdir.

Yaxud götürək üzümü. Aleksey Nikolayeviç Kosıgin üzümçülərə çox kömək edirdi. Biz üzüm istehsalını ildə 2 milyon tona çatdırmışdıq. Abşeron üzümü mənim görüb daddığım bütün sortlar içərisində ən dadlı üzümdür. Abşeron torpaqları quru, isti, qumsal torpaqlardır, üzüm bu isti torpaqlara uzanaraq onların hərarətini, şirəsini-şəkərini canına çəkir. Hər şey məhv olub getdi! Bu il biz olsa-olsa 40 min ton üzüm yığa biləcəyik.

Camaat daha işləmir, dolanmaq üçün xırda ticarətə girişmişdir. İran qulaqlarının dibində, Türkiyə də lap yaxındır. Vecsiz malları qalaq-qalaq alıb alverlə dolanırlar. Amma di gəl ki, bir şey istehsal etmirlər! Sumqayıtın kimya müəssisələrinin yarısı dayanmışdır! Neft hasilatı kəskin şəkildə azalmışdır!.. Hakimiyyətə gələnlərin nə təsərrüfat, nə idarəetmə işlərindən, nə də siyasətdən başları çıxırdı! Kiçik elmi işçi, yazıçı olan bu adamlar dövlətin nə demək olduğunu başa düşmürlər. Halbuki özləri azadlıqdan, hürriyyətdən və haqq- ədalətdən dəm vurur, bunlardan ağızdolusu danışırlar, axırı nə oldu – hamılıqla oğurluğa qurşandılar! Xalq bütün bunları görürdü və buna görə də çox məyus olmuşdu! İş-gücləri küçələrə düşüb "Mersedes"lərdə ora-bura çapmaq və boşboğazlıq etmək idi. Elə hey danışır, dil boğaza qoymurdular! Mənəviyyatsızlar, əxlaqsızlar, açıq- aşkar oğrular çox idi, lap çox!

Bəs Qarabağ? Onlar bu müharibədə qalib gəlmədilər, münaqişəni siyasi yollarla söndürmədilər! Çox kəndlərimizi, çox torpaqlarımızı itirdik! Dünən yanıma bir kolxoz sədri gəlmişdi. Deyirdi: "Əlbəttə, dəhşətdir ki, orada minlərlə baş mal-qara, minlərlə hektar torpaq itirdik, amma ən böyük rüsvayçılıq budur ki, biz ata- babalarımızın müqəddəs saydığımız məzarlarını itirdik! İndi düşmən bu məzarları murdarlayır, onların üstündə öz qələbələrini bayram edir!".

Fevral ayında mən Elçibəylə görüşdüm. Səkkiz saat danışdıq. Mən ona dedim: "Belə siyasət uğursuzluğa məhkumdur!". O, çox düşüncəsiz cavab verdi: "Biz idarə etməyi öyrənirik. Qoy təcrübəsizlər təcrübə toplasınlar. Toplamazlar, biz onları işdən çıxarar və yerlərinə başqalarını qoyarıq". Dedim: "Harda görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz. Onun üzərində eksperimentlər aparırsınız?" Bu, Gəncədə birbaşa cinayətlə nəticələndi, qanla qurtardı. Buna görə də xalq onları rədd etdi!.. 

 

Aleksandr Proxanov.: - Bilirəm ki, Naxçıvanda, balaca bir respublikada siz qayda-qanun yaratmağa, layiqli həyat səviyyəsini qoruyub saxlamağa müvəffəq oldunuz. Sizin üçün, əgər belə demək caizsə, "Naxçıvana sürgünlük" nə demək idi?

Heydər Əliyev.: - Xalq Cəbhəsinin yeni peyda olmuş başçılarından biri televiziyaya çıxıb, lovğa-lovğa bildirmişdi: "Əgər lazım gələrsə, mən Naxçıvana gedib Əliyevin başına güllə çaxaram!" Mənə qarşı iki dəfə qəsd təşkil etdilər, iki dəfə məni öldürmək istədilər. Amma oxları daşa dəydi, niyyətləri baş tutmadı. Onlar Əliyevə divan tutmaq üçün Naxçıvanı blokadaya aldırdılar. Bizi ərzaqdan, neftdən məhrum etdilər. Elektrik enerjisini büsbütün kəsdilər. Bizdə soyuqlar və aclıq başlandı. Südəmər körpələr xəstəxanalarda soyuqdan donub ölürdülər. Camaat bağ-bağatı qırıb od qalayırdı. Ev-eşiyi isitmək üçün meyvə ağaclarının 70 faizini kəsib doğradılar. Nə qədər meşə qırıldı. Lakin mən də sağ qaldım, xalq da.

İran və Türkiyə rəhbərləri ilə aramızda şəxsi dostluq münasibətləri yarandı. İran prezidenti öz təyyarəsini Naxçıvana göndərdi. Mən onunla Tehrana gedib, yardım barəsində razılığa gəldim. Biz elektrik xətti çəkdik və İrandan enerji almağa başladıq. Eləcə də yanacaq və ərzaq. Türkiyə prezidenti Dəmirəlin özü mənə 100 milyon dollar kredit təklif etdi. O da öz prezident təyyarəsini göndərdi və mən onun yanına, Ankaraya uçdum. Mən Türkiyəyə yol çəkdirdim, Araz çayı üstündən körpü saldırdım və mal təchizatını təşkil etdim. Lakin başlıca nailiyyətim budur ki, mən Ermənistanla silahlı münaqişəyə yol vermədim. Vəziyyət çox gərgin idi, ciddi hadisələr baş verirdi, lakin mən çıxış yolu tapdım, nəticədə torpağımız al-qana boyanmadı. Mən çox sadə yaşayır, aza qane olurdum, məişət şəraitimiz ağır idi. Bu sözlərim xalqıma da aiddir. Lakin biz sağ qaldıq və əmin-amanlığımızı qoruyub saxladıq. Bakıdan yanıma tez-tez adamlar gəlir, dilə tuturdular ki, siyasətə qayıdım. Lakin mən istəmirdim. Xalq Cəbhəsinin siyasətinə qoşulmaq istəmirdim. Çünki bu siyasət fəlakətə doğru aparırdı.

Aleksandr Proxanov.: - Siz indi "Yeni Azərbaycan" Partiyasının liderisiniz. Mən bilən, onun artıq 100 min nəfər üzvü var. Siz hər halda Bakıya qayıtmısınız, siyasətə qoşulmusunuz, sizinlə birlikdə partiyanız da siyasət meydanına atılıbmı?

Heydər Əliyev.: - Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim. Başa düşəndə ki, xalqım vətəndaş müharibəsi həddindədir, onda mən buraya gəldim. Vətəndaş müharibəsi isə xalqın məhv olması, dövlətin sonu deməkdir! Odur ki, gəlməyə bilməzdim. Təkrar edirəm: Mən buraya partiya ilə birlikdə yox, tək, ürəyimin hökmü ilə gəldim ki, xalqıma ən dəhşətli fəlakətdən yaxa qurtarmaqda kömək edim.

Aleksandr Proxanov.: - Mən bilirəm, sizi şəxsən Elçibəy çağırıb, sizi Xalq Cəbhəsi dəvət edib. İndi isə siz onu siyasətdən uzaqlaşdırmısınız. Burada ziddiyyət yoxdurmu?

Heydər Əliyev.: - Xalq Cəbhəsi gördü ki, işlər fənadır, sonları çatmaqdadır və xalq onları sadəcə olaraq didib- dağıdacaqdır. Buna görə də Elçibəy məni çağırmağı qərara aldı ki, vəziyyəti xilas edim. O, Naxçıvana mənə zəng vururdu, lakin mən dəstəyi götürmürdüm. O, yenə zəng vurdu. Mən dəstəyi yenə də götürmədim. İyunun 7-də onlar Bakıdan mənə təyyarə göndərdilər. Mən Elçibəylə telefonla danışdım və Bakıya getməkdən imtina etdim. İyunun 9-da Surətin qoşunları Bakının 100 kilometrliyində idi. Elçibəy yenidən mənə təyyarə göndərdi. Yalvarıb-yaxardı ki, Bakıya gəlim, mən razılaşdım.

Nə gizlədim, oraya gedib fəlakətli vəziyyəti görməyə qorxurdum, buna baxmayaraq, başa düşürdüm ki, hökmən getməliyəm, çünki xalqın taleyi həll olunurdu. Xülasə, mən Bakıya gəldim və biz Elçibəylə bir neçə saat danışdıq. O, mənə baş nazir vəzifəsini təklif etdi. Onun silahdaşı Pənah Hüseynov hələ də həmin vəzifədə qalmaqda idi. Mən imtina etdim. Onların hamısı Elçibəyin yanına toplaşdılar və məni dinlədilər. Mən onların cinayətkar idarəetmə üsulu barəsində nə düşünürdümsə, hamısını üzlərinə dedim. İsa Qəmbərov dözməyib dilləndi: "Biz elə düşünürdük ki, siz bizə məsləhət verəcəksiniz, siz isə bizə ittihamnamə oxuyursunuz!" Bəli, məhz belə idi.

İyunun 11-də İsa Qəmbərov Ali Sovetin sədri vəzifəsindən istefa verdi, deputatlar mənə bu vəzifəni tutmağı təklif etdilər. Mən boyun qaçırdım. Onlar məni dilə tutmaqda davam etdilər.

Mən dedim: "Gəlin sessiyanı bir neçə günlüyə təxirə salaq. Mən Surət Hüseynovla görüşmək istəyirəm". Mən onunla tanış deyildim və təyyarə ilə Gəncəyə, onun yanına getdim. Biz Surətlə, yalan olmasın, bütün gecəni danışdıq. Səhərisi o, məni şəhərə apardı. Mən döyüşlərin izlərini, dağıdılmış tikililəri, yanıb külə dönmüş mənzilləri gördüm, cinayətin izlərini gördüm. Bakıya qayıdıb Ali Sovetin təklifini qəbul etdim və iyunun 15-də sədr vəzifəsinə seçildim. Mən bunu yalnız bir məqsədlə – vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə etdim.

İyunun 16-da Surətin qoşunları Xalq Cəbhəsinin hərbi birləşmələri ilə qarşılaşdı. Döyüş getdi, ölənlər oldu. Təbii ki, mən qardaş qırğınına yol verə bilməzdim. Axı onsuz da bu illər ərzində xalqın qanı çox tökülmüşdü. Mən Surətlə razılığa gəldim ki, onun qoşunları Bakıya girməyəcək, paytaxtda döyüş-qırğın olmayacaqdır. Sonrasını özünüz bilirsiniz. Gəncə hadisələrini təhqiq etmək üçün komissiya yaradıldı və komissiya belə bir qənaətə gəldi: Xalq Cəbhəsi özünün liderləri simasında cinayət törətmişdir. Sonra Milli Məclisin sessiyası çağırıldı. Əsas müqəssirlər deputat toxunulmazlığından məhrum edildi və həbsə alındılar. Mən Bakıya bax, belə qayıtmışam.

Aleksandr Proxanov.: - Bəs bundan sonra nə etməli? Ölkə çapılıb-talanmış, cəmiyyət parçalanmış, ona təfriqə salınmış, o, ruhdan düşmüşdür. İndi xalqı hansı ideya birləşdirəcək? Əzab verilmiş, haldan düşmüş cəmiyyəti hansı fəlsəfə, hansı ideologiya birləşdirəcək? Siz özünüz yaxın keçmişdə kommunist ideyasının təbliğçisi olmuşsunuz, lakin indi bu ideya daha yoxdur. Xalq Cəbhəsinin ikiəlli yapışdığı liberal ideya bir az əvvəl puça çıxmışdır. Adamlar hansı ideyanı qəbul edəcəklər?

Heydər Əliyev.: - Yalnız milli barışıq ideyasını, ayrı heç bir ideyanı yox! Bunun daha mənası yoxdur – sən hansı partiyaya mənsubsan, neçə yaşın var, hal-əhvalın necədir. Bizi dəhşətli həddən yalnız ümummilli barışıq uzaqlaşdıra bilər. Bunu xalq başa düşür, hərbçilər, kommersantlar, müəssisə direktorları başa düşürlər. Biz heç kəsi təqib etməyəcək, gözümçıxdıya salmayacağıq. Əgər sən liberalsansa, əgər sən Xalq Cəbhəsinin üzvüsənsə, səni heç kəs təqib etməyəcək, sənə gözün üstə qaşın var, deməyəcəklər. Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə. Bax, budur ideya, budur fəlsəfə! Belə düşünürəm ki, bu ideologiyanı ədəbiyyat və incəsənət xadimləri, din xadimləri formalaşdıracaqlar!

Aleksandr Proxanov.: - Bəs rəsmi Rusiya Bakıda baş vermiş hadisələrə, sizin siyasətə qayıtmağınıza necə münasibət göstərdi?

Heydər Əliyev.: - Hələlik heç cür. Təkcə Ruslan Xasbulatov məni Ali Sovetin sədri vəzifəsinə seçilməyim münasibətilə təbrik edib. Rəsmi Moskva susur. Xalq Cəbhəsi Rusiya əleyhinə siyasət aparır, hər şey edirdi ki, Rusiya ilə Azərbaycan yaxınlaşmasınlar. Deyəsən, bu Moskvanı da qane edirdi, Siz Rusiyaya olan münasibətimi bilirsiniz. Azərbaycan Rusiya ilə iqtisadi, mədəni, coğrafi-siyasi cəhətdən bağlıdır. Biz sadəcə qonşu deyilik, mədəni bir tariximiz var. Təkrar edirəm: Rusiya ilə bugünkü münasibətlər məni razı salmır, lakin mən qəti əminəm ki, münasibətlərimiz hökmən inkişaf etdiriləcəkdir.

Aleksandr Proxanov.: - Dağıdılmış xalq təsərrüfatı necə olacaq? Siz hansı iqtisadi modeli irəli sürmək niyyətindəsiniz? Məsələ burasındadır ki, Azərbaycanın tərəqqisini məhz sosialist modeli təmin edirdi.

Heydər Əliyev.: - Bizim xalq təsərrüfatının dirçəlişini mən bazar münasibətlərində görürəm. Sivilizasiyalı bazarın bütün formalarında, sahibkarlıqda, kommersiya banklarında, xarici kapitalın cəlb edilməsində, o cümlədən MDB ölkələrində toplanmış müsbət cəhətlərdə görürəm. Azərbaycan bazarının qapıları bizimlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək istəyənlərin hamısının üzünə açıqdır. Xalq Cəbhəsi Azərbaycanın sərvətlərini – qızılını, neftini, var-yoxunu xalq üçün qətiyyən sərfəli olmayan şərtlərlə, dəyər-dəyməzinə satırdı. Görünür, yaxşı rüşvət almışdılar.

Mən əmr verdim ki, dünyanın ən iri neft şirkətləri ilə bağlaşmalar dayandırılsın, çünki onlar mənə şübhəli görünürdü. Bununla əlaqədar, dünya mətbuatında böyük hay-küy qopdu. Mən şirkətlərin nümayəndələrini qəbul edib bildirdim: "Bu, bağlaşmaların kəsilməsi demək deyil. Biz ekspertiza keçirəcəyik, əgər ekspertiza bağlaşmaların qarşılıqlı surətdə faydalı olduğunu aşkara çıxararsa, onda bağlaşmalar inkişaf etdiriləcəkdir".

Aleksandr Proxanov.: - Heydər Əliyeviç, sizin 70 yaşınız var. Siz həyat məktəbi keçmiş siyasətçisiniz, zəngin təcrübəyə maliksiniz. Həyatın hər üzünü görmüsünüz. Surət Hüseynov 34 yaşındadır. O, siyasətdə təzədir. Onu ölkədə yüksək vəzifələrə milli faciə, müharibə gətirib çıxarmışdır. Siz necə birgə fəaliyyət göstərirsiniz? Sizin psixoloji qarşılıqlı fəaliyyətiniz, birgə siyasi praktikanız necə təşəkkül tapmışdır?

Heydər Əliyev.: - Surət Hüseynov Yevlaxda iri bir zavod direktoru olub, deməli istehsalatçıdır. İqtisadiyyatın problemlərini bilir. Mən ona baş nazir vəzifəsini təklif etdim və əminəm ki, əl-ələ verib işləyəcəyik. Mən bütün təcrübəmi onunla bölüşəcəyəm. Əlbəttə ki, bizim üçün başlıca problem təcrübəli işçilər, ağıllı və vicdanlı mütəxəssislər yığmaqdır.

Azərbaycan"

 

 

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!