Drag

Müsahibə

ABŞ-ın nüfuzlu mətbuat orqanları və informasiya agentliklərinin müxbirlərinə müsahibəsi

None

BMT-nin 50 illiyi ilə əlaqədar yubiley təntənələri zamanı
ABŞ-ın nüfuzlu mətbuat orqanları və informasiya
agentliklərinin müxbirlərinə müsahibəsi

(24 oktyabr 1995-ci il)

Nyu-York

 

Sual: Prezident Klintonla görüşünüz necə keçdi? Azərbaycan öz müstəqilliyinin qorunub saxlanmasında, habelə neft məsələlərinin həllində ABŞ tərəfindən ehtiyac hiss etdiyi dəstəyi ala bildimi?

Cavab: ABŞ prezidenti cənab Bill Klintonla mənim görüşüm və söhbətlərim, hesab edirəm ki, çox yaxşı keçdi. Mən bu görüşdən məmnunam. Söhbətlərimiz çox mehriban, qarşılıqlı anlaşma və hörmət şəraitində getdi. Həm Amerikanı, həm də Azərbaycanı maraqlandıran əsas məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Əsas mövzulardan biri Azərbaycana məxsus neft yataqlarının işlənilməsində ABŞ şirkətlərinin iştirakı, bir il bundan öncə imzalanmış neft müqaviləsinin əməli surətdə həyata keçirilməsi və ilkin neftin ixracı üçün boru kəmərlərinin marşrutu barədə qəbul edilmiş qərar idi. Cənab Bill Klinton bu sahədə Azərbaycanla olan əməkdaşlığa yüksək qiymət verdi. Xüsusən ilkin neftin ixracı üçün eyni zamanda iki marşrutun seçilməsi və həmin kəmərlərin istifadəyə verilməsi haqqında oktyabrın 9-da qəbul olunmuş qərarı çox yüksək qiymətləndirdi.

Bilirsiniz ki, bu ayın əvvəlində cənab Bill Klintonla bizim telefon danışığımız olmuşdur. Həmin söhbətimizdə də bu məsələlərə başlıca diqqət yetirmişdik. İndi artıq deyə bilərəm ki, bu sahədə qarşımızda duran məsələlər həll olunmuşdur.

Cənab Bill Klintonla danışıqlarımızın çox hissəsi Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişəyə son qoyulması və sülh yaranması ilə əlaqədar idi. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları və ələlxüsus, şəxsən prezident cənab Bill Klinton bu məsələlərlə daha ciddi və daha yaxından məşğul olmağa başlayıblar. Danışıqlar zamanı bu barədə də fikir mübadiləsi aparıldı və sülhə doğru irəliləyiş üçün məsələnin mərhələlərlə həlli haqqında tam fikir eyniliyi oldu.

Mən bu gün səhər Ermənistan prezidenti cənab Levon Ter-Petrosyanla da görüşüb söhbət etmişəm. Bu görüş təkbətək oldu. Biz vəziyyətdən çıxmağın yolları barədə ikilikdə, şahidsiz, vasitəçisiz müzakirələr apardıq. Mən bu barədə cənab Bill Klintona ətraflı məlumat verdim. Cənab Bill Klintonla danışığımız və gəldiyimiz nəticə ondan ibarətdir ki, artıq müharibəyə son qoyulmalıdır.

Bilirsiniz ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə yeddi ildən çoxdur davam edir. Yeddi il gedən müharibədə biz ilk dəfə uzunmüddətli atəşkəs rejimi əldə etmişik. 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalamışıq və on yeddi aydır ki, ona riayət edirik. Sizə bildirmək istəyirəm ki, dünya təcrübəsində və xüsusən silahlı münaqişələr tarixində, zənnimcə, ilk dəfədir ki, münaqişədə olan tərəflər heç bir vasitəçi, yəni xarici qüvvə, yaxud sülhyaratma qüvvələri olmadan atəşkəs rejimini qoruyub saxlayırlar.

Bu, nadir bir haldır və eyni zamanda onu göstərir ki, mən bu barədə cənab Bill Klintona həm məlumat verdim, həm də fikrimi dedim, – münaqişədə olan tərəflərin bir-birinə inamı hələ tam itməyibdir. Yəni hər iki tərəfi təmin edə biləcək şərtlər çərçivəsində böyük sülh əldə olunsa, onu qoruyub saxlamaq və uzunmüddətli etmək üçün çox yaxşı əsas var. Biz bu halı qiymətləndirməli və qorumalıyıq. Bu gün cənab Ter-Petrosyan da, mən də bizim mətbuat nümayəndələrinin qarşısında bəyan etdik ki, atəşkəs rejiminə bundan sonra da əməl edəcəyik.

Bir də qeyd edirəm, mən bu barədə cənab Bill Klintonla danışarkən biz bu məsələnin həll olunmasının yollarını araşdırdıq. Bu məsələnin həyata keçirilməsi üçün müəyyən təkliflər, yəni müəyyən prinsiplər hazırlanıbdır. Ancaq şübhəsiz ki, bunların üzərində hələ işləmək lazımdır. Biz, o cümlədən şəxsən mən, hesab edirik ki, – bu gün cənab Bill Klintona bunu bir daha dedim, – böyük sülhə nail olmaq üçün birinci növbədə, işğal edilmiş torpaqların azad olunmasına başlanmalıdır.

Azərbaycan ərazisinin iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan artıq vətəndaşımız qaçqın düşmüşdür və onların əksəriyyəti çadırlarda yaşayır. Bu vəziyyətə son qoymaq lazımdır. Məsələni həll etmək üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmalı və qaçqınlar öz yerlərinə qayıtmalıdırlar. Eyni zamanda nəqliyyat xətlərinin, başqa kommunikasiya vasitələrinin bərpasına başlanmalıdır. Nəhayət, Dağlıq Qarabağda olan ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün şərait yaradılmalı, Azərbaycan Respublikasının Konstitusiyası Dağlıq Qarabağa Azərbaycanın ərazisi çərçivəsində muxtariyyət statusu verməlidir.

Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı başlıca prinsipdir və mütləq bizim bütün işlərimizin əsasında dayanmalıdır. Bu məsələlərin hansı ardıcıllıqla və necə həll edilməsi barədə bundan sonra hələ iş gedəcəkdir. Ancaq danışıqlarımızın əsas məzmunu ondan ibarətdir ki, biz atəşin yenidən başlanmasına yol verməməliyik və mütləq böyük sülh əldə etməliyik. Amerika Birləşmiş Ştatları burada çox böyük və həlledici rol oynaya bilər.

Şübhəsiz ki, bunlar hamısı Azərbaycanın müstəqil dövlət kimi qorunub saxlanması üçün də böyük şərtdir. Azərbaycan iqtisadiyyat sahəsində Qərb şirkətləri, xüsusən ABŞ şirkətləri ilə artıq uzunmüddətli əməkdaşlığa başlayıbdır. Bizim imzaladığımız neft müqaviləsi otuz il müddətinə nəzərdə tutulmuşdur. Sizə məmnuniyyətlə deyə bilərəm ki, ötən bir il üçün müqavilədə nəzərdə tutulmuş plan tamamilə həyata keçirilib. 1996-cı ildə görüləcək işlər üçün neft şirkətləri 750 milyon dollar həcmində büdcə təsdiq ediblər. Nəzərdə tutulmuş iki neft kəməri gələn ilin sonunadək hazır olmalı, müqaviləyə əsasən ilkin neft hasil edilməlidir.

Ancaq bizim əməkdaşlığımızın hüdudları get-gedə genişlənir. Dünən mən Amerikanın "Mobil" şirkətinin prezidenti ilə görüşdüm. Bu şirkət neft konsorsiumuna daxil deyildir, lakin Azərbaycanın bir neçə neft yatağında iş görmək istəyir. Mən prinsip etibarilə buna razılıq verdim və onlar öz təkliflərini yaxın günlərdə mənə yazılı surətdə təqdim edəcəklər. Beləliklə, yenə də deyirəm, Amerika Birləşmiş Ştatlarının Azərbaycanla olan iqtisadi əlaqələri uzunmüddətlidir və hesab edirəm ki, bu əməkdaşlıq müvəffəqiyyətlə həyata keçirilərkən yeni-yeni imkanlar da yaranacaqdır. Mən bu əməkdaşlığın tərəfdarıyam, onu davam etdirmək üçün öz tərəfimdən bütün səyləri göstərəcəyəm.

Sual: Sizcə, Rusiya bu əməkdaşlığın davam etməsinə imkan verəcəkmi ? Sizə elə gəlmirmi ki, ruslar elə vəziyyət yaradacaqlar ki, Şevardnadze kimi, siz də ölkənizdən kənara çıxa bilməyəcəksiniz ? Azərbaycan Rusiyanın təsirindən qoruna biləcəkmi?

Cavab: Bilirsiniz, vəziyyət elədir ki, mən də Azərbaycanda o qədər asan şəraitdə yaşamıram. Siz bilirsiniz ki, Azərbaycanda işlədiyim müddətdə orada iki dəfə dövlət çevrilişi üçün çox təhlükəli cəhd göstərilibdir. Onlardan biri elə keçən il mən Nyu-Yorkda olarkən hazırlanmışdı və mən Azərbaycana qayıtdıqdan iki gün sonra baş verdi. Yəqin eşitmişdiniz, mən Nyu-Yorkda olarkən, keçən il sentyabrın 30-da terrorçular Bakıda bizim iki nəfər çox görkəmli dövlət xadimimizi parlament sədrinin müavini Afiyəddin Cəlilovu və Təhlükəsizlik üzrə Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimovu bir gündə qətlə yetirdilər. Mən o vaxt bu xəbəri Nyu-Yorkda olarkən aldım.

Bakıya gedərkən İstanbulda dayandım, çünki orada başqa təyyarəyə minirəm. Orada müxbirlərin bəziləri mənə hətta sual verirdilər, güman edirdilər ki, mən qorxacaq və artıq Azərbaycana qayıtmayacağam. Ancaq bu terrorlar, şübhəsiz ki, məni qorxuda bilməzdi. Mən Bakıya gəldim, lakin iki gün sonra dövlət çevrilişi cəhdi başlandı. Vəziyyət çox gərgin idi. Mən gecə televiziya ilə xalqa müraciət etməyə məcbur oldum. Yüz minlərlə adam ayağa qalxaraq məni, yəni dövləti qorudu. Çevriliş cəhdi edən cinayətkarların bir qismi həbs olunub, amma bir qismi qaçıbdır və indi Moskvada gizlənirlər.

Sonra, bu ilin martında mən Kopenhagenə getmişdim. Oradan qayıdarkən hava limanında məni terror vasitəsilə öldürüb yenə dövlət çevrilişi törətmək planları qurulmuşdu. Martın 12-də mən Kopenhagendən Bakıya qayıtdım. Doğrudur, hava limanında mənə qarşı terror edə bilmədilər, ancaq Azərbaycan bir həftə çox gərgin dövr yaşadı. Hətta bəzi xarici ölkələrin səfirlikləri öz əməkdaşlarını Bakıdan çıxarırdı. Çünki narahat idilər ki, burada dövlət çevrilişi, vətəndaş müharibəsi başlayar, öz əməkdaşlarının təhlükəsizliyini təmin edə bilməzlər. Mən çox çalışdım ki, bu çevriliş cəhdinin qarşısını sülh yolu ilə alım. O vaxt artıq bir çox qüvvələr, o cümlədən bir neçə xarici ölkədə yerləşən qüvvələr birləşmişdilər. Onlar prezidenti aradan götürüb dövlət şurası yaratmaq planı hazırlamışdılar.

Bunun da qarşısını aldıq. Düzdür, bu dəfə qan töküldü, ordumuzun bəzi əsgərləri həlak oldular, şəhid oldular, amma dövləti qoruyub saxladıq. Çevriliş cəhdi iştirakçılarından bəziləri həlak oldu, bəziləri həbs edildi, bəziləri isə qaçdılar. Onlar da xarici ölkələrdə, o cümlədən Moskvada yerləşirlər. Hələ də təminat yoxdur ki, mənə qarşı terror etməyəcəklər. Amma bu məni qorxutmur. Mən bunu Azərbaycanın bütün ictimaiyyətinə dəfələrlə demişəm. Ona görə də, siz dediyiniz kimi, Rusiya, yaxud başqası olsun, nə isə etmək istəsə, – ola bilər etsin, – güman edirəm ki, biz dövlətimizi qoruyub saxlayacağıq, müstəqilliyimizi saxlayacağıq.

Mən bu gün Ukrayna prezidenti cənab Leonid Kuçma ilə görüşdüm. Cənab Leonid Kuçma Bakıda olarkən terrorçular körpünü partladıb həm məni, həm də Leonid Kuçmanı tələf etmək istəyirdilər. O vaxt bunun qarşısı alındı. Həmin körpünün altından 170 kiloqram partlayıcı maddə çıxarıldı. Bunları oraya metal qutularda qoymuşdular və partlayış uzaqdan idarə olunmaqla törədilməli idi. Yenə deyirəm, bunun qarşısını aldıq. Cinayətkarların bir qismi həbs olunub. Dövlət çevrilişi etmək istəyənlərdən bir general indi Ukraynadadır. O, azərbaycanlıdır. Bu terror hərəkəti ilə onun əlaqəsi var. Ancaq sonra çıxıb Ukraynaya getmişdi. Biz onu orada həbs etmək istədik. Cənab Leonid Kuçma mənə dedi ki, o, bundan dərhal xəbər tutaraq qaçmışdır. İndi Moskvadadır. Amma onun arvadını həbs ediblər.

Sual: Başqa sözlə desək, Moskva keçmişdə olduğu kimi, hələ də bu regiona təsir göstərməkdə davam etməkdədir və regionu öz təsir dairəsində saxlamaq niyyətindədir. Bu fikir doğrudurmu ?

Cavab: Bilirsinizmi, mən hər bir belə hadisəni Moskvanın ümumi siyasəti ilə bağlamaq istəmirəm. Belə cinayətkarların Moskvada sığınacaq tapmaları və rahat yaşayaraq Azərbaycana qarşı təxribat işləri görmələri, şübhəsiz ki, müəyyən fikirlər doğurur.

Sual: Siz həmin adamların Moskvadan geri alınmasına, həbs olunmasına cəhd göstərmisinizmi?

Cavab: Göstərmişik, ancaq bunlar bir nəticə verməmişdir. Bayaq dediyim kimi, hətta o generalı Ukraynada həbs etmək istədik, amma tez aradan çıxa bildi.

Sual: Mən belə başa düşürəm ki, Azərbaycandan böyük neftin ixracı, Azərbaycan neftinin uzun müddət ərzində xarici bazarlara çatdırılması məsələsində Rusiya həlledici rol oynaya bilməyəcəkdir. Siz buna necə baxırsınız və bu məsələlər cari vəziyyətə necə təsir edir?

Cavab: Bilirsiniz, heç bir şey demək olmaz ki, kim həlledici rol oynayacaq, kim oynamayacaq. Mən onu deyə bilərəm ki, biz öz siyasətimizdə sabitik. Sabit müstəqil siyasət aparırıq. Mən Azərbaycanı müstəqil dövlət kimi yaşatmağa çalışıram. Hesab edirəm ki, Azərbaycan xalqının tarixində müstəqillik qədər yüksək qiymətli heç bir şey yoxdur. Amma bu, asan deyil, çünki uzun illər başqa bir dövlətin tərkibində olmuş, yenidən müstəqillik qazanmış, eyni zamanda böyük təbii sərvətlərə malik olan Azərbaycanın müstəqil yaşamasına maneçilik törədən qüvvələr çoxdur. Amma bu maneələrə baxmayaraq, biz öz müstəqilliyimizi qoruyacağıq. Ola bilər, başımıza yeni çətin hadisələr gəlsin, çünki bu yol çox çətin yoldur. Ancaq bizim iradəmiz dönməzdir. Güman edirəm, biz buna nail olacağıq. 

 

Sual: İlkin neftin ixracı üçün iki neft kəmərinin. çəkilməsi haqqında qərara qayıdaraq sizə bir- iki sual vermək istəyirəm. Sizcə, Rusiya nefti Çeçenistandan necə apara biləcəkdir ? İkincisi, Rusiya Şevardnadzeyə imkan verəcəkmi ki, o, Gürcüstandan bu kəməri çəkib qurtara bilsin ? Nəhayət, Gürcüstandan keçəcək kəmərin maliyyələşdirilməsi məsələsi axıradək həll edilibmi ?

Cavab: Biz qərarımızı qəbul etmişik və onu yerinə yetirməyə çalışacağıq. Mən sizə dedim ki, bu, asan olmayacaq. Ancaq mən belə fikirdəyəm ki, biz bunu həyata keçirəcəyik. Gürcüstandan keçəcək neft kəmərinin maliyyə məsələləri konsorsium tərəfindən həll olunacaqdır. Şevardnadze də çalışmalıdır, güman edirəm ki, birlikdə çalışacağıq.

Sual: Əgər ona uzun ömür qismət olsa...

Cavab: Bizim heç birimizin heç nəyə təminatımız yoxdur. Mənə qarşı olan terrorlar baş tutsaydı, çoxdan dünyadan getmişdim. Amma eyni zamanda bilmirəm ki, sabah nə olacaq. Bəlkə sabah bir terror aktı məni də dünyadan aparacaq. Amma bu, məni siyasi fəaliyyətimdən çəkindirmir.

Sual: Sizcə, əgər Rusiya neft məsələsinin özü arzuladığı şəkildə həllinə tam nail ola bilməsə, münaqişə regionunda döyüşlərin yenidən başlanmasına çalışacaqmı ? Onlar hərbi əməliyyatların yenidən başlanmasına nail ola bilərlərmi ? Əgər belə cəhd olarsa, sizcə, Amerika Birləşmiş Ştatları bunun qarşısını almaq üçün nə edə, hansı rol oynaya bilər ? Çünki Qafqaz çox mürəkkəb regiondur.

Cavab: Siz çox mürəkkəb suallar verirsiniz. Soruşursunuz ki, nə ola bilər və nə olarsa, onun qarşısı nə cür alına bilər. Çox şey ola bilər. Amma hər halda, hər dəfə baş verən təhlükənin, yaxud mənfi hadisənin qarşısının nə cür alınması bizim özümüzdən və bizə dost olan ölkələrin bizimlə əməkdaşlığından asılı olacaqdır.

Sual: Cənab prezident, mən sizinlə prezident Bill Klinton arasında olan ikitərəfli görüşə qayıtmaq istəyirəm. Bildiyimizə görə, prezident Klinton ilkin neftin eyni zamanda iki kəmərlə ixrac olunması barədə sizinlə müzakirələrə hələ əvvəlcədən başlamışdı və siz indi bu haqda söhbətlərinizi davam etdirdiniz. Bəs Azərbaycan qaçqınlarına yardım məsələsi ətrafında hansı söhbətləriniz oldu və Azərbaycana yardım göstərilməsini qadağan edən 907 nömrəli qərarın ləğvi barədə prezident Klinton sizə bir şey təklif etdimi?

Cavab: Çox yaxşı sual verdiniz, buna görə sizə təşəkkür edirəm. Biz bu məsələni cənab Bill Klintonla ətraflı. müzakirə etdik. Onu demək istəyirəm ki, üç il bundan öncə Konqres Azərbaycana qarşı çox ədalətsiz bir qərar qəbul etmişdir. Mən hesab edirəm, Konqres indi artıq özü də başa düşür ki, bu, çox ədalətsiz qərardır. Birinci, onu bilmək lazımdır ki, bu qərar Azərbaycanı ağır vəziyyətə saldı, amma Azərbaycan diz çökmədi. Ona görə tarixi nöqteyi-nəzərdən bu qərar öz əhəmiyyətini itirib.

Mən bu gün cənab Bill Klintona dedim ki, siz bizim Qafqaz regionunda Gürcüstana, Ermənistana yardım edirsiniz, amma Azərbaycana etmirsiniz. Bu üç ölkədən Amerika ilə ən çox iqtisadi əməkdaşlıq edən Azərbaycandır. Belə olan halda, Azərbaycanın ərazisində bir milyondan artıq qaçqın olduğu halda böyük, ədalətli bir dövlət kimi Amerika Gürcüstana, Ermənistana etdiyi yardım səviyyəsində, yaxud, heç olmasa, bunun yarısı həddində Azərbaycana da gərək yardım göstərəydi. Ancaq prezident Klintonun əlləri bağlıdır, Konqres onun qarşısında sədd qoyub və o, bu səddi keçə bilmir. Mən hesab edirəm ki, cənab Bill Klinton da bu qərarın nə qədər ədalətsiz olduğunu hiss edir və etiraf edir. Amma ölkənizin qayda-qanunlarını siz məndən yaxşı bilirsiniz.

Sual: Cənab prezident, Klinton prezidentdir və bu qərar ədalətsizdirsə, onun aradan qaldırılması üçün mübarizə aparmalıdır.

Cavab: Güman edirəm ki, mübarizə aparır, amma siz bilirsiniz ki, Konqreslə mübarizə aparmaq prezident üçün əsas məsələ deyildir. Bu, sizin öz işlərinızdir. Ancaq mən hesab edirəm ki, cənab Bill Klinton belə bir vəziyyətin ədalətsiz olduğunu tamamilə etiraf edir. Cənab Klintonla biz həmin qərarın ləğvi üçün müəyyən əsaslar yaranması haqqında da fikir mübadiləsi apardıq. Arzu edərdim ki, siz mətbuat nümayəndələri də, – Amerikada mətbuatın təsiri çox böyükdür, – bizə bu işdə kömək edəsiniz. Sizə də müraciət edirəm, – ədaləti müdafiə edin.

Sual: Siz "Mobil" şirkətinin prezidenti ilə görüşdüyünüzü bildirdiniz. Bu şirkət konsorsiuma qoşulmağa maraq göstərdimi ?

Cavab: Yox, konsorsiumdan kənarda əməkdaşlıq etmək istəyir. Çünki konsorsium üç neft yatağının işlənməsi üçün yaradılıbdır. Bizim ayrı neft yataqlarımız da var. Məsələn, bu ayın axırında bir müqavilə imzalayacağıq. Onu "Pennzoyl" şirkəti ilə imzalayacağıq. Ona görə "Mobil" də bizimlə müstəqil əməkdaşlıq etmək istəyir.

Sual: Bir sıra mülahizələr də dolaşmaqdadır ki, "Tengiz" yatağından çıxarılacaq neftin Azərbaycandan çəkiləcək boru kəmərləri vasitəsilə ixrac olunması gözlənilir. Sizcə, bu variant hələ də qüvvədə qalırmı ?

Cavab: Bəli, orada "Şevron" şirkəti işləyir və o, 'Tengiz" yatağından çıxarılacaq neftin bir hissəsini bizim neft kəməri ilə ixrac etmək barədə təşəbbüs göstərib.

Sual: Sizcə, bu variant mümkün olacaqmı ?

Cavab: Olacaqdır, mən buna inanıram.

Sual: İxrac olunacaq neftin həcmi barədə bir məlumat varmı ?

Cavab: Oradan nə qədər neft çıxarılması və bunun nə qədərinin bizim kəmərlə ixrac olunması onlardan asılıdır. Mən indi konkret rəqəm demək istəmirəm. Ancaq prinsip etibarilə biz buna razılıq vermişik.

Sual: Cənab prezident, bizi Azərbaycanda qarşıdakı parlament seçkiləri də maraqlandırır. Bu seçkilər ətrafında siz prezident Bill Klintonla söhbət etdinizmi, söhbət zamanı bu məsələ qaldırıldımı ? Azərbaycanda azad, ədalətli, demokratik parlament seçkiləri keçiriləcəkmi ?

Cavab: Bu barədə cənab Bill Klintonla bizim söhbətimiz olmadı. Mən belə başa düşdüm ki, cənab Bill Klintonun bu məsələyə dair bizə sualı yoxdur Biz bu seçkiləri tam demokratik prinsiplər əsasında keçirməyə çalışırıq və buna çox səy göstəririk. Beynəlxalq təşkilatlardan, habelə Amerika Birləşmiş Ştatlarından seçkilərdə iştirak etmək üçün bir çox müşahidəçilər dəvət etmişik. Onların böyük bir qrupu uzun müddətdir ki, Azərbaycandadır. Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu, cənab Letskinin rəhbərlik etdiyi institut Bakıda artıq özünün ofisini açıbdır və onların nümayəndələri fəaliyyət göstərirlər. ATƏT-in nümayəndəsi cənab Maykl Oks, – o da Amerikadandır, – öz qrupu ilə Bakıdadır. BMT-nin bir çox müşahidəçiləri də Bakıdadırlar.

Mən buraya gələndən iki gün öncə müşahidəçilərin hamısı ilə görüşdüm və dörd saat söhbət etdim. Onlar etiraf etdilər ki, heç vaxt belə hadisə ilə rastlaşmamışdılar ki, prezident müşahidəçilərlə bu qədər söhbət aparsın. Mən bəyan etdim ki, meydana çıxan mənfi halların hamısının qarşısı alınacaqdır. Seçkilərin demokratik keçirilməsi, hər bir vətəndaşın, hər bir partiyanın öz hüquqları əsasında seçkilərdə iştirak etməsi üçün şərait yaradılıb və yaradılacaqdır. Müşahidəçilərlə görüşərkən həm Mərkəzi seçki komissiyasının sədrinə, həm də Ali Məhkəmənin sədrinə tövsiyələr verdim ki, bütün şikayətlərə çox ciddi baxsınlar. Dünən xanım Madlen Olbrayt ilə görüşərkən seçkilər barədə söhbətimiz oldu və mən bu məlumatı ona da verdim.

Sizinlə görüşməyimdən çox məmnunam, hər birinizi Azərbaycana dəvət edirəm. İstədiyiniz vaxt bizim qonağımız ola bilərsiniz. Sizə və ümumiyyətlə, jurnalistlərə, mətbuat işçilərinə hörmət və ehtiramımı bildirirəm. Buraya mənimlə də çoxlu mətbuat işçisi gəlmişdir. Onların əksəriyyəti müstəqil jurnalistlərdir, necə istəyirlərsə, o cür də yazırlar. Ancaq mən mətbuatı, jurnalistləri çox sevdiyimə görə həmişə səfərə gedəndə onları özümlə aparıram. Sağ olun.

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!