Drag

Müsahibə

Bi-Bi-Si-nin müxbiri ilə müsahibəsi

None

Bİ-Bİ-Sİ korporasiyasındakı görüşdə
Bi-Bi-Si-nin müxbiri ilə müsahibəsi

(30 noyabr 1995-ci il)

London

Sual: Neft müqaviləsi imzalanıb, respublikada seçkilər keçirilib. Hər iki tədbirdən əvvəl Azərbaycan xalqına xoş vədlər edilib. Sizcə sadə camaat vəziyyətin müsbət istiqamətdə dəyişməsini nə zaman hiss edəcək?

Cavab: Hiss edəcək. Vəziyyətin müsbət istiqamətdə dəyişməsi bir günlük, yaxud bir dəqiqəlik iş deyil.

Sual: Nə qədər çəkəcək?

Cavab: Nə qədər çəkəcəyini indi demək mümkün deyil. Amma vəziyyət günü-gündən müsbət istiqamətdə dəyişir. Bilirsiniz, insanları bir tərəfdən iqtisadi vəziyyət, onların maddi vəziyyəti maraqlandırır. Digər tərəfdən, insanları daxili sabitlik, rahatlıq, təhlükəsizlik də maraqlandırır. Ona görə də "dəyişiklik" deyəndə, sadəcə, insanların əmək haqqı çox olacaq, yağ, ət olacaq, malların qiyməti ucuz olacaq – tək bu deyil. İnsanları hər şey maraqlandırır. Azərbaycan vətəndaşları elə dözümlü insanlardır ki, onlar bəzən deyirlər ki, biz bu çətinliyə də dözərik, çadırda yaşayırıq, – buna da dözərik, ancaq müharibə olmasın. İşğal olunmuş torpaqlarımız azad edilsin, qaçqınlar öz yerlərinə qayıtsınlar, ölkənin daxilində cinayətkarlıq olmasın. Siz bilirsiniz ki, son illərdə Azərbaycanda nə qədər cinayətkar qruplar yaranmışdı, onlar nə qədər cinayət etmişdilər – həm dövlətə qarşı, həm də ayrı-ayrı vətəndaşlara qarşı. İndi son iki ildə bu cinayətkarlar aradan götürülür, ifşa olunur – yaxalanır, bu böyük cinayətlərin üstü açılır. Bununla da təkcə dövlətin təhlükəsizliyi təmin olunmur, şübhəsiz, bu da olur, – amma ikinci tərəfdən, vətəndaşların təhlükəsizliyi təmin olunur, cəmiyyətdə əmin-amanlıq, sakitlik, rahatlıq yaranır. Ona görə də bütün bu tədbirlərin nəticəsi hər gün meydana çıxacaqdır. Amma belə bir gün olmayacaq ki, bu gün yatdın, sabah durub gördün ki, qiymətlər də ucuzdur, ət də, yağ da çoxdur və hər yerdə əmin- amanlıqdır, cinayətkar da yoxdur, torpaqlarımız da azad olunub. Bu, bir gündə olunası iş deyil.

Sual: Sız müharibə haqqında danışdınız. Sizin rəyinizə görə, Azərbaycanın yeni konstitusiyasında Qarabağ münaqişəsinin həll olunması üçün əsas yaradılıb. Siz bunu deyəndə nəyi nəzərdə tutursunuz?

Cavab: Birincisi, orada Azərbaycanın ərazi bütövlüyü haqqında maddələr var. İkincisi, Azərbaycanın ərazisi bölünməzdir.

Sual: Sizcə, münaqişənin həllində bu, bir kömək edəcəkmi?

Cavab: Şübhəsiz. Yəni biz xalqın iradəsini bildiririk ki, Azərbaycanın ərazisi bölünməzdir və Azərbaycanın sərhədləri yalnız ümumi səsvermə yolu ilə dəyişdirilə bilər. Yəni heç bir kəs, vəzifədə olan şəxs, o cümlədən prezident də özbaşına, xalqın iradəsi olmadan Azərbaycanın sərhədlərini dəyişdirə bilməz, Azərbaycanın ərazisini dəyişdirə bilməz. Bu, xalqın iradəsinə bağlıdır. Bunlar hamısı çox böyük zəmanət verir.

Sual: Bəs o biri tərəf?

Cavab: Əlbəttə ki, o biri tərəf – işğalçı tərəf olan Ermənistan, Azərbaycanı işğal edənlər – onlar öz işğalçılıq niyyətlərini həyata keçirmək istəyirlər. Onların məqsədi Azərbaycanın işğal etdikləri bütün torpaqlarını əllərində saxlamaq deyil, onların məqsədi yalnız Qarabağı özlərinə bağlamaqdır.

Sual: Demək, söhbət məsələni güc ilə həll etməkdən gedir, yoxsa siyasi yolla?

Cavab: Yox, biz söhbəti məsələnin siyasi yolla, sülh yolu ilə həll edilməsi barədə aparırıq.

Sual: Cənab prezident, seçkilər prosesi Qərb müşahidəçiləri tərəfindən tənqidə məruz qalmışdır. Siz də demişdiniz ki, seçkilər uğurla, demokratik yolla gedib. Siz bunu nə ilə əsaslandırırsınız? Ümumiyyətlə, xarici müşahidəçilərin rəyinə necə baxırsınız?

Cavab: Bilirsiniz, bu, tamamilə təbii bir şeydir. Dünyada nə var ki, onu tənqid etmək olmasın? Elə bir şey varmı? Elə Bi-Bi-Si-ni də tənqid etmək olar. Elədirmi? Dünyada heç bir şey yoxdur ki, onu tənqid etmək olmasın. Dünyada heç bir hakimiyyət yoxdur ki, onu tənqid etmək mümkün olmasın. Heç bir tədbir yoxdur ki, onu tənqid etmək mümkün olmasın. Ona görə də seçkilərin aparılmasında buraxılan səhvlərin xarici müşahidəçilər tərəfindən göstərilməsi, ayrı-ayrı yerlərdə qanun pozuntularının göstərilməsi, yaxud da ki, tənqid o demək deyil ki, seçkilər normal keçməyib. Seçkilər normal keçib. Heç vaxt ola bilməzdi ki, bütün xarici müşahidəçilər gəlib desin ki, hamısına əla qiymət verirəm. Bu, qeyri-təbii bir şey ola bilərdi. Keçmiş Sovetlər İttifaqında belə bir vəziyyət var idi ki, deyirdilər ki, hər bir şey əladır. Ona görə də müşahidəçilərin tənqidlərini də təbii hesab edirəm, bəzi hallarda onların, bəlkə də qeyri-obyektiv fikirləri də var. Bunu da demək istəyirəm. Onların dediyi də Allahın hökmü, Quran ayəsi deyil. Hərə öz müşahidəsini özü bildiyi kimi edir, öz fikrini özü bildiyi kimi deyir. Biz onları da qəbul edirik – obyektiv olsa da, obyektiv olmasa da. Amma eyni zamanda hesab edirik ki, bizim seçkilər əsasən demokratik gedibdir və deputatlar əsasən demokratik şəraitdə seçiliblər.

Sual: Çox sağ olun, hörmətli prezident, icazənizlə, mən bir neçə sualı rusca soruşum və cavabları da rus dilində verəsiniz. Cənab prezident, belə bir fikirlə razısınızmı ki, sizin regionda hadisələrin gedişinə Rusiyanın təsiri var? Sizcə, bu təsir nədən ibarət ola bilər?

Cavab: Şübhəsiz ki, regionda hadisələrin gedişinə Rusiyanın təsiri var. Region deyərkən biz Qafqazı, o cümlədən Zaqafqaziyanı nəzərdə tuturuq, hər iki halda Rusiyanın təsiri var. Bu da təbiidir. Çünki, necə deyərlər, Yer kürəsinin bu hissəsi, – indi Zaqafqaziyada müstəqil dövlətlər var, – bir çox illər, onilliklər ərzində, hətta əsrlərlə Rusiyanın, keçmiş Sovetlər İttifaqının tərkibində olmuşdur. Ona görə Rusiyanın burada təsirinin olması, yenə deyirəm, təbiidir, qoy bundan heç kim təəccüblənməsin.

Sual: Xarici ekspertlərin fikrincə, Azərbaycan İran arasındakı münasibətlərdə soyuqluq müşahidə olunur. Belə hesab edirlər ki, İran Zaqafqaziya regionunda Azərbaycanın Qərbin dayağına çevrilməsindən narahatdır. Siz bu cür mülahizələrlə razısınızmı?

Cavab: Bilirsiniz, münasibətlərdə müəyyən bir sərinlik, narahatlıq var. Ancaq mənə belə gəlir ki, bu, Azərbaycan ilə İran arasında olan münasibətləri səciyyələndirmir. Azərbaycana münasibətdə İranın öz mülahizələri var, bu baxımdan bizim də öz mülahizələrimiz var. Məsələn, Qərbin neft şirkətləri, xüsusən İranın özünün münasibətlərinin çox mürəkkəb olduğu Amerika Birləşmiş Ştatlarının neft şirkətləri ilə bizim müqavilə imzalamağımızdan İran narazıdır. Lakin biz də ondan narazıyıq ki, İran Ermənistana fəal kömək göstərir, onu strateji mallarla, məhsullarla təchiz edir və Ermənistan İranın bu köməyindən, dəstəyindən istifadə edərək bizimlə sülh danışıqlarında öz mövqeyini. daha da sərtləşdirir. Yəni bizim İrana qarşı narazılığımız, İranın da bizə qarşı narazılığı var. Ancaq mən belə hesab edirəm ki, bu, İran və Azərbaycan arasında qarşılıqlı münasibətlərin strateji istiqamətinin müəyyənləşdirilməsinə təsir göstərməməlidir. Biz İranla dostluq münasibətləri saxlamağa, bütün sahələrdə, xüsusən iqtisadiyyat, ticarət, elm, mədəniyyət, insani münasibətlər sahəsində əlaqələri möhkəmləndirməyə çalışırıq.

Sual: Cənab prezident, Orta Asiya respublikaları və Qazaxıstan ilə Azərbaycan arasında mədəniyyət, din, etnik və tarixi baxımdan yaxınlıq olmasına baxmayaraq, ümumən götürdükdə bu ölkələr arasında pərakəndəlik müşahidə edilir. Azərbaycan da daxil olmaqla yaxın gələcəkdə bu ölkələr arasında hansısa bir siyasi qurumun yaradılmasını mümkün sayırsınızmı?

Cavab: Bilirsiniz, şübhəsiz ki, yaxınlaşma olacağını mən görürəm, bu proses getməlidir. Bu ölkələr arasında müəyyən qədər sıx əlaqənin olmaması barədə fikrinizlə şərikəm. Görünür, bu keçid dövrünün prosesləri ilə bağlıdır. İndi hər bir ölkəni daha çox öz problemləri, daxili işləri, iqtisadi vəziyyəti narahat edir və hər bir ölkə öz problemlərinin həlli üçün daha əlverişli yollar axtarır. Bu, təbiidir. Lakin mən hesab edirəm ki, bunlar aradan qaldırılacaq. Tarixi əlaqələr, mədəni, dini yaxınlıq, dil yaxınlığı Azərbaycan da daxil olmaqla bu ölkələr arasında münasibətlərin daha fəal xarakter almasına kömək edəcəkdir. Hansısa bir regional qurum yaradılmasına gəldikdə isə, mən bunu zəruri, gərəkli saymıram.

Sual: Nə üçün, axı bu, respublikaları siyasi cəhətdən yaxınlaşdıra bilər?

Cavab: Bu, nəyə lazımdır? İndi dünyada o qədər qurumlar yaranmışdır ki, daha birisinə də ehtiyac görmürəm. Sadəcə olaraq mehriban münasibətlər saxlamaq, hansısa məsələləri razılaşdırmaq lazımdır.

Sual: Sizə elə gəlmirmi ki, belə bir qurumun yaradılması Orta Asiya və Qafqaz rayonunda strateji qüvvələri, strateji mənafeləri tarazlamağa kömək edərdi?

Cavab: Bilirsiniz, dövlətlər arasında hər hansı belə regional qurumun yaradılması əks hərəkətlər doğurur. Mən hesab edirəm ki, belə bir qurumun yaradılmasına ehtiyac yoxdur. 
Müxbir: Müsahibəyə görə təşəkkür edirəm.

 

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!