Drag

Heydər Əliyev - Azərbaycan Dövlətinin Qurucusu, Milli Neft Strategiyasının Banisi

None

Bu siyasət bizə uğur gətirdi, tarixi qələbəmizin təminatçısı oldu.

Xalq qəzeti. - 2023.- 28 may. - № 112. - S. 6.

 

                                                   HEYDƏR ƏLİYEV - AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU, MİLLİ NEFT STRATEGİYASININ BANİSİ

Müsahibimiz SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadədir

 

Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.

  • Xoşbəxt müəllim, keçmiş ittifaqın süqutunun yaratdığı böhrandan, zorla cəlb edildiyimiz müharibədən, daxili çəkişmələrin tüğyan etdiyi mürəkkəb dövrdən danışdınız. Belə bir vəziyyətdə xarici şirkətlərlə birgə işləmək ideyası özünə necə yol açdı?
  • Bizi “Əsrin müqaviləsi”nə aparıb çıxaran yol Bakıdan başlandı. Yəni, danışıqlara Azərbaycan paytaxtında start verildi. Sonra müzakirələr İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi ümummilli liderimiz tərəfindən müəyyən olunmuş nümayəndə heyəti - onun üzvlərindən biri də mən idim - 1994-cü ilin iyul ayında Birləşmiş Ştatlara getdi. Orada proses 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini, şirkət mənafeyini önə çəkirdi. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik.

Danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə gərgin keçdi. Həmin vaxtların çətinliklərini heyətimizin rəhbəri İlham Əliyev belə dəyərləndirirdi: “Biz xarici şirkətlərə deyirdik ki, siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını təmsil edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu, bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik.” Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafe-yinə uyğun hazırlandı.

Bir dəfə qarşı tərəf başqa bir şərt qoydu: Azərbaycan Rusiya ilə danışıb, Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcəkdir. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz 8 il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt, təklif barədə ulu öndərə məlumat verdi və onun göstərişi ilə Vaşinqtona yollandı. Nümayəndə heyətimizin digər üzvlərinə isə danı-şıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. ABŞ-ın məşhur neft şirkətlərindən olan “Yunokal” şirkətində oldum. “Yunokal” sonralar Xəzər dənizinin Azərbaycan sektorundakı “Əşrəfi”, “Dan Ulduzu” perspektiv strukturlarının və onlara bitişik sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsündə yer aldı.

  • Xoşbəxt müəllim, indi siz möhtərəm Prezidentimiz İlham Əliyevin adını çəkdiniz. Bildiyimiz odur ki, o vaxt ARDNŞ-nin xarici əlaqələr üzrə birinci vitse-prezidenti olmuş gənc diplomat İlham Əliyev danışıqlar prosesində ölkəmizin maraqlarını ən yüksək səviyyədə təmsil edib və qarşıya qoyulmuş məqsədə nail olub.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neft mütəxəssislərinin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi və təsdiq etdi. Elə ilk günlərdən ARDNŞ-nin birinci vitse- prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı oldu.

  • Nəhayət, bütün bu gərgin işlərin və ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində tarixə “Əsrin müqaviləsi” kimi düşmüş saziş imzalandı.
  • Bəli, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Hasilatın pay bölgüsü” Sazişi imzalandı. Bu tarixdən başlayaraq, müstəqil Azərbaycanın neft siyasəti dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsi ilə misilsiz inkişaf dövrü başlandı. Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublika XXI əsrin ilk illərindən sürətlə inkişaf edib çiçəklənən bir diyar, dünyanın nüfuzlu dövlətlərindən biri kimi şöhrətləndi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə ikinci qayıdışından sonra bu mümkün oldu. “Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu.

Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.

  • Sizin məşhur bir fikriniz var: “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, “Şahdəniz” ölkəmizi xaricdə təbii qaz ölkəsi kimi tanıtdı”. Demək olarmı ki, XXI yüzillik qaz layihələri əsri oldu?
  • Bu, həqiqətən də belədir. 1999-cu ilin iyulunda Xəzərin Azərbaycan sek-torunda nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və eyniadlı qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi təkcə Azərbaycanın deyil, bütün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi işinə böyük töhfə oldu. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsinin ikinci mərhələsinin açılış mərasimi də bunu bir daha sübut etdi. Dünya siyasətçilərinin də söylədiyi kimi, Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşən hissəsinin açılması Avrasiya üçün tarixi hadisə oldu.

“Şahdəniz” strukturu birinci dəfə 1954-cü ildə Azərbaycan geofizikləri tərəfindən aşkar edilmiş və 1983-cü ildə dərin axtarış qazmasına hazırlanmışdı. Lakin həmin sahədə dənizin çox dərin olması və iqtisadi çətinliklərlə əlaqədar burada aparılan işlər nəticə verməmişdi. 1996-cı il iyunun 4-də xarici şirkətlərlə “Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektivli sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin imzalanması ilə “Şahdəniz” strukturu yenidən dərin kəşfiyyat qazmasına daxil edildi, aparılan axtarış-kəşfiyyat işləri nəticəsində “Şahdəniz” yatağı 1999-cu ilin iyul ayında aşkar edildi.

Həmin il iyulun 12-də yataqda əldə edilmiş nəticələrin təqdimat mərasimində çıxış etmək üçün ulu öndər mənə də söz verdi. Mən Xəzərdə zəngin neft və qaz yataqlarının kəşf edilməsində və işlənilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışdım və “Şahdəniz” yatağı barədə məlumat verərkən bildirdim ki, bu yatağın da taleyi Heydər Əliyevlə bağlıdır.

  • Bir dəfə demişdiniz ki, o zaman ulu öndərlə maraqlı bir dialoqunuz da olub…
  • Yadımdadır, mən “Şahdəniz” yatağının ehtiyatları məsələsinə toxunaraq dedim ki, biz inanırıq, yataqda ikinci, üçüncü quyular qazılandan sonra onun ehtiyatı gözləniləndən də artıq olacaqdır. Bu vaxt Heydər Əliyev çıxışımı kəsərək mənə sual verdi: “Demək, indi ehtiyat 700 milyard kubmetrdir? Bunu deyirsiniz?” Cavab verdim ki, bəli, amma deyə bilərəm ki, orada ehtiyat 1 trilyon kubmetrdən az olmaz. Bəlkə, artıq olacaq, amma əskik olmaz.

Təqdimat mərasimindəki yekun nitqində Heydər Əliyev əldə edilən nailiyyətlərə görə ARDNŞ-ni, “Şahdəniz” konsorsiumunu və bu konsorsiuma daxil olan şirkətləri təbrik edərək dedi: “Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan - 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik. ...Bu gün “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, demək olar, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, deyir ki, orada 1 trilyon kubmetrə qədər qaz olacaqdır”.

Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, “Şahdəniz” yatağının karbohidrogen ehtiyatları 1 trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu sahə dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir.

  • Daha hansı bir görüşünüzü xatırlayırsınız?
  • 2002-ci ilin may ayında ulu öndərlə İrana səfərimiz də yadımdadır. Orada Heydər Əliyev məni İran Prezidenti Məhəmməd Xatəmiyə təqdim edəndə də dedi: “Xəzər dənizini Xoşbəxt qədər bilən ikinci adam yoxdur. Biz onu əlimizin üstündə saxlayırıq. İranda da onu yaxşı tanıyırlar. Sizə də məsləhət görürəm ki, nə qədər o, hələ işdədir, ondan istifadə edin”.

Ulu öndərimizin mənim barəmdə söylədiyi bütün bu xoş sözləri xatırlayanda, həqiqətən, özümü dünyanın ən bəxtəvər adamı sayıram. Bəli, mən çox xoşbəxtəm ki, ömrümün ən dəyərli anları, əmək fəaliyyətimin və elmi yaradıcılığımın parlaq səhifələri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərlə bağlıdır. O, mənim xətrimi həddən artıq çox istəyirdi. Respublikanın neft və qaz sənayesinin inkişafında xidmətlərimə görə 2000-ci ilin yanvarında məni “İstiqlal” ordeni ilə təltif etməsi və anadan olmağımın 70 illiyi münasibətilə mənə səmimi təbriki də bu hörmətin parlaq təzahürlərindən biri idi.

  • Yubileydən söhbət düşmüşkən bu ilin əvvəlində 93 yaşınız tamam oldu. Bu yaşda da iş başındasınız, “Xalq qəzeti”nin kollektivi adından cansağlığı, yeni uğurlar arzu edirəm. Əminəm ki, növbəti müsahibələrimizdə də sizdən eşitdiklərimiz Azərbaycanın neft tarixinin yeni səhifələri olacaq. Sonda oxucularımıza nə demək istərdiniz?
  • Çox sağ olun. Keçən il dekabrın 7-də möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində şəxsən iştirak etdi. Hörmətli Prezident, doğrudan da, mənim fəaliyyətimə böyük qiymət verdi, mənə çox böyük bir hədiyyə etdi. Mən o tədbirdə də qeyd etdim ki, hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi olması, vallah, heç yuxuma da girməzdi.

Bu tədbirdən sonra sizin qəzet bir yazı vermişdi: “Xoşbəxt Yusifzadənin ən xoşbəxt günü”. Mənə təqdim etdilər, çox xoş oldu. Mətbuatın, o cümlədən, “Xalq qəzeti”nin mənə olan diqqətini xüsusi qiymətləndirmək istərdim.

Bu gün biz ulu öndərin siyasətinə sadiqik. Bu siyasət bizə uğur gətirdi, tarixi qələbəmizin təminatçısı oldu. Dahi şəxsiyyət Heydər Əliyev haqqında hələ bundan sonra çox danışılacaq, mənim onun haqqında danışdıqlarım da yaddaşımda olanların az bir hissəsidir. Ümummilli liderin Azərbaycan xalqı və dövləti üçün, eləcə də respublikamızın neft sənayesi üçün gördüyü işləri danışmaqla, yazmaqla qurtaran deyil. Müstəqil Azərbaycanın yaradıcısı və qurucusu olan Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir. O, böyük şəxsiyyət və böyük vətəndaş idi.

  • Maraqlı söhbət üçün çox sağ olun.

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!