Drag

İ. Kobzon: Mən Azərbaycan dilini təkcə ona görə öyrənərdim ki, bu dildə Heydər Əliyev danışmışdır

None

İlahi tərəfindən verilmiş qabiliyyətini gerçəkləşdirdiyi üçün təşəkkür etmək istəyirəm.

İ. KOBZON: MƏN AZƏRBAYCAN DİLİNİ TƏKCƏ ONA GÖRƏ ÖYRƏNƏRDİM Kİ, BU DİLDƏ HEYDƏR ƏLİYEV DANIŞMIŞDIR

Böyük və kiçik millətlər yoxdur, ancaq görkəmli şəxsiyyətlər var və onlar öz millətini, deməli, həm də öz ölkəsini şöhrətləndirir, ucaldırlar. Öz fəaliyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda böyük hörmət qazanmış ümummilli liderimiz Heydər Əliyev bu tarixi simalar sırasında xüsusi yer tutur. Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibətilə Azərbaycanın Moskvadakı səfirliyində keçirilmiş yığıncaqda bu barədə ətraflı söhbət getmişdir. Yığıncaqda iştirak edən Rusiya ictimaiyyətinin görkəmli nümayəndələri bu dahi insan barədə ən məhrəm xatirələrini və onunla görüşlərdən aldıqları xoş təəssüratı bölüşmüşlər.

Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş yığıncaqda səslənən bəzi çıxışlardan parçaları oxuculara təqdim edirik.

 

Rusiya Konstitusiya Məhkəməsinin hakimi Marat Baqlay:

– Bu gün hörmətli səfir məni təqdim edərkən haqqımda ən mühüm bir məqamı da vurğulayaraq dedi ki, mən bakılıyam. Elə bir bakılı ki, öz Vətənini unutmayıb, onu həmişə sevib və daim vurğulayıb ki, “mən Azərbaycan xalqının bir hissəsiyəm”. Çünki mən bu torpaqda boya-başa çatmışam, məni bu torpaq tərbiyə edib və onu heç vaxt unutmuram.

Həmişə Bakıya gələndə Heydər Əliyeviçlə görüşürdüm. Bəzən kabinetdə təkbətək görüşürdük, bəzən müxbirlər də iştirak edirdilər. Yadımdadır, bu görüşlər barədə yazılar dərc edilirdi. Mən bütün söhbətlərimizin məzmununu çox yaxşı xatırlayıram.

Heydər Əliyeviçi bundan əvvəl, hələ SSRİ Nazirlər Sovetində işlədiyi və nəqliyyatla məşğul olduğu vaxtlardan tanıyırdım. Onun Ali Sovetdə çıxış etdiyi məruzələrinin hazırlanmasında iştirak edirdim. Lakin bu insanın çox böyük əzəmətini artıq Bakıda, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra gördüm. Bu, çox ağır bir zəmanə idi, hələ müharibə gedirdi, indiyədək həll edilməmiş qalan Qarabağ problemi qarşıda kəskin şəkildə dururdu. Biz bu barədə çox söhbət etmişdik. Mən onu həm də bir siyasətçi və Azərbaycanda hüquqi dövlətin təşəkkülü problemlərini mənimlə müzakirə edən bir insan kimi xatırlayıram. Azərbaycanın Konstitusiya Məhkəməsi ilə də bizim çox sıx, çox mehriban, sadəcə olaraq, səmimi dostluq münasibətlərimiz yaranmışdı.

Onunla mədəniyyət haqqında etdiyimiz söhbətlər də unudulmazdır. Dünya Azərbaycanlılarının I Qurultayını xatırlayıram. Bakının ən böyük salonunda konsert verilirdi, o, məni yanında oturmağa dəvət etdi. Heydər Əliyeviç Azərbaycan xalqının mədəniyyətinin inkişafından həvəslə danışırdı və bu sahəyə necə böyük əhəmiyyət verdiyi aydın görünürdü. O, iftixar hissi ilə deyirdi ki, siz bir bu simfonik orkestrə baxın. Bilirsinizmi ki, o, az qala məhv olub gedəcəkdi, az qala fəaliyyətini dayandıracaqdı. Sonra o, indi bu orkestrin, necə deyərlər, dünya səviyyəsinə çıxması üçün gördüyü işlərdən danışdı. Azərbaycanda teatrlar da, ədəbiyyat da, təsviri sənət də, bir sözlə, hər şey məhz Heydər Əliyeviçin sayəsində yüksəldi, inkişaf etməyə başladı. Məhz onun sayəsində ölkə təkcə iqtisadi cəhətdən deyil, ümumiyyətlə, hər baxımdan tədricən çox yaxşı səviyyəyə çıxdı və indi inkişaf edir. Biz hamımız bütün bunları diqqətlə izləyirik. Hətta deyərdim ki, Azərbaycan mədəniyyətin inkişafı sahəsində bu böyük regionda hamıdan yüksəkdədir. Bu da ilk növbədə Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Əlbəttə, keçmiş İttifaqda, Rusiyada həyat haqqında onun insanı riqqətə gətirən xatirələrini, xalqlarımız və ölkələrimiz arasında dostluğun əhəmiyyətini necə dəyərləndirdiyini heç vaxt unutmaq olmaz. O, tam əmin idi: dünya inkişafının elə bir amili yoxdur ki, bu dostluğu poza bilsin, diplomatiyanın inkişafında mürəkkəbliklərə baxmayaraq, Azərbaycan və Rusiya, iki ölkənin xalqları birlikdə olmalı, öz dövlətlərinin və bütün bəşəriyyətin tərəqqisinə, ölkələrimizdəki inqilabi dəyişikliklərin yaratdığı əlverişli şəraitin qorunub saxlanmasına kömək etməlidirlər. Bu gözəl, böyük insan haqqında xatirələrimi bölüşərək, bugünkü görüşə dəvətə görə dostum Polada təşəkkürümü bildirirəm.

İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko:

  • “Çox sağ olun, Heydər Əliyeviç” demək mənim üçün böyük şərəfdir. Həyatım boyu, hələ komsomolda işləyərkən, mənə Heydər Əliyeviçlə yaxın olmaq kimi böyük xoşbəxtlik nəsib olmuşdur. O, cild- cild xatirələr, elmi əsərlər qoyub getməmişdir, lakin hər bir insanın bioqrafiyasında onun öz səhifəsi var. Mənim də bioqrafiyamda belə bir səhifə var. Çünki həyat və fəaliyyətinin bütün mərhələlərində – həm Bakıda, həm də Moskvada mənə həmişə onun tərəfindən qəbul edilmək kimi böyük şərəf nəsib olurdu. Bizim birbaşa işlə əlaqəmiz yox idi, lakin Heydər Əliyeviç mənim məşğul olduğum və özünün də məsul olduğu sahəyə çox böyük təsir göstərirdi. Zənnimcə, onun həyatının xüsusilə son illəri çox yüksək və nəcib bir məqsədə həsr olunmuşdu – yəni, biz xalqlarımızı birləşdirən əbədi dəyərləri unutmayaq. Xatirimdədir, o, bizim ilk xahişimizlə Bakıda əcnəbi jurnalistlərin böyük beynəlxalq görüşünü, rus mətbuatı konqresini təşkil etdi. Jurnalistlər Bakıya öz doğma evlərinə olduğu kimi gəlirdilər və Heydər Əliyeviç nə qədər məşğul olsa da, mütləq bizi qəbul edirdi və ölkələrimiz arasında münasibətlərdə hər şeyin aydın və şəffaf olmasına çox böyük maraq göstərdiyini daim hiss edirdik. Bu gün biz Heydər Əliyeviçin doğum günündə nitqlər söyləyirik, onun səfirlikdə büstünü açdıq və o, Moskvada əbədi olaraq belə qalacaqdır. Mən bu təşəbbüsü irəli sürənlərin hamısına təşəkkürümü bildirirəm. Ruhu cənnətlik olsun.

RF Federal Xarici Kəşfiyyat Xidməti direktorunun müavini İvan Qorelovski:

  • Əziz dostlar, Lev Tolstoyun belə bir məşhur kəlamı var ki, sevməyi bacarmaq, hər şeyi bacarmaq deməkdir. Düşünürəm ki, Heydər Əliyeviçin şərəfli həyatından danışarkən, əlbəttə, ilk növbədə, onun Azərbaycanı sevmək, xalqını sevmək, qonşularını sevmək, Moskvanı sevmək bacarığından danışmaq lazımdır. Onun nüfuzunun ən yüksək səviyyədə olmasını məhz bu təmin etmişdir. Biz 1960, 1970, 1980 və 1990-cı illərin Azərbaycanını görmüşük və son illər qazanılan nəhəng nailiyyətlərlə səmimi-qəlbdən fəxr edirik. Şübhəsiz ki, bütün bunlar Heydər Əliyeviçin qüdrəti sayəsində ərsəyə gəlmişdir. O, respublikanın inkişafının başlıca strateji istiqamətlərini çox müdrikcəsinə, məharətlə, dəqiqliklə müəyyənləşdirmişdir. Belə deməyə tam əsasımız var ki, bütün bu işlər güclü iradəyə, təpərli ürəyə və şübhəsiz, təmiz vicdana malik insan tərəfindən görülmüşdür.

Onun Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri işlədiyi böyük bir mərhələyə gəldikdə isə, bu, onun əməliyyatçı kimi fəaliyyətinin unudulmaz, maraqlı səhifələri idi. O, çox mürəkkəb əməliyyat tədbirləri keçirməyin ustası idi. Əlbəttə, bu, açıq söhbət mövzusu deyil, lakin inanın ki, onun burada, Lubyankada, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində böyük hörməti var idi, onunla hesablaşır, onun rəyini son dərəcə qiymətləndirirdilər. Bugünkü gün, Heydər Əliyeviçin doğum günü bizim hamımız üçün əlamətdardır. 9 May bayramından sonra bu əfsanəvi, gözəl insanın doğum gününü qeyd etmək kimi çox gözəl ənənə yaranmışdır. Mən bir daha Heydər Əliyeviçə ən dərin ehtiramımı bildirmək istəyirəm. Onun ruhu şad olsun.

Keçmiş SSRİ-nin yollar naziri Nikolay Konarev:

  • Əziz yoldaşlar, biz bu günü böyük ehtiramla qeyd edirik. İlk növbədə, demək istərdim ki, Heydər Əliyeviç insanları sevən çox alicənab adam idi. O, az-az adamlardan idi ki, ölkənin məruz qaldığı çoxlu problemlər arasında başlıca məsələni görməyi bacarırdı. Sözübütöv, dəqiq, diqqətli, həssas, mədəni insan idi. 1982-ci il noyabrın 29-da Yuri Vladimiroviç Andropov məni SSRİ yollar naziri təyin etdi, 1982-ci il dekabrın 12-də isə Heydər Əliyeviç SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Heydər Əliyeviç nəqliyyatın necə işlədiyi ilə maraqlanmaq üçün dekabrın 13-də məni dəvət etdi, çünki o vaxt nəqliyyatın işi xalq təsərrüfatının tələbatından bir qədər geri qalırdı. Söhbətimiz dörd saat çəkdi. Heydər Əliyeviçə bildirdiyim problemin dərinliyini hiss etmək üçün onun öz vəzifəsinə necə can-başla təfərrüatı ilə, məsuliyyətlə yanaşdığına heyran qaldım. Söhbət açıq oldu, heç nə gizlədilmədi, görüləsi işlər araşdırıldı. Onu da deyim ki, bəzən işlətdiyim bir ifadə onun xoşuna gəldi: “Ölkənin ən yaxşı adamları dəmiryolçular ailəsindəndir”. Heydər Əliyeviç isə məhz dəmiryolçu ailəsindəndir, atası Naxçıvanda paravozları su ilə təmin edən stansiyada növbətçi işləyib. Görünür, təsadüfi deyil ki, 1990-cı ildə Heydər Əliyeviç oraya, öz vətəninə - Naxçıvana qayıtmışdı. O, atası, anası haqqında, gözəl Naxçıvan diyarı və digər məsələlər barədə danışırdı.

    İş üslübu və metodları deyilən bir anlayış var. Onu bax belə bir iş üslubu fərqləndirirdi – deyilən söz əməli işlə təsdiqlənməlidir. Heydər Əliyeviçlə müzakirə edilən bütün məsələlər nə dərəcədə çətin olsa da, onun səyləri sayəsində mütləq həyata keçirilirdi. O dövr üçün, eləcə də onun özü üçün epoxal bir hadisəni xatırlamaq istəyirəm — söhbət Baykal-Amur Magistralına səfərdən gedir. Biz BAM-ın başlandığı Ust-İlimdən Komsomolsk-Amuradək, demək olar, piyada getdik. Komsomolsk-Amurda isə dünyada ən yaxşı “MiQ” qırıcı təyyarələri yığılan böyük bir zavod var. Zavodun nümayəndələri ondan təyyarələrdən birinə minib onlarla şəkil çəkdirməyi xahiş etdilər. Severo-Muysk tunelinə də getdik. İndi neft kəməri çəkilməsi ilə əlaqədar xeyli kənardan keçmək lazımdır, çünki neft kəməri BAM-la paralel gedir. Bəli, BAM indi neft kəməri kimi möhtəşəm tikintiyə başlamaq üçün dayaq, əsas oldu. BAM-ın tikintisinə Heydər Əliyeviçin töhfəsi böyük və misilsizdir. Beləliklə, gəlin, Azərbaycan xalqının şanlı oğlunun şərəfinə, Sovetlər ölkəsindəki hünərlərinin şərəfinə, onun gözəl insani keyfiyyətlərinin şərəfinə badə qaldıraq. Bu hünər və keyfiyyətlərlə həmişə fəxr etmək olar və bunlar həmişə ehtiramla yad ediləcəkdir. Heydər Əliyeviç, sağ ol.

    Altay Respublikası Xalq Məclisinin sədri İvan Belekov:

  • Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyevin büstünün açılışı öz əhəmiyyətinə görə Moskvanın lap mərkəzində yerləşən bu binanın divarlarından çox-çox kənara çıxır. Çünki o, sözün əsil mənasında böyük, həqiqətən, dahi insandır, öz milli köklərindən heç vaxt ayrılmır, həmişə ümumbəşəri sərvət səviyyəsinə çıxır. Bu, birincisi. İkincisi isə, Heydər Əliyeviç Əliyev kimi şəxsiyyət, onun kimi “batır” öz həyatı, öz zəhməti ilə çox böyük Avrasiya məkanımızın canlı yaradıcı tarixini təcəssüm etdirir. Bəli, mən 1985- ci ildə Heydər Əliyeviçin SSRİ Ali Sovetinə deputat seçildiyi Altay torpağından gəlmişəm. Buraya gəlməzdən əvvəl Altay diyarının o vaxtkı qəzetlərini oxudum. Qəzetlər onun haqqında çox yazırdılar.
  • Yerli Sibir nəşrlərindən bir neçə sitat gətirim: “Altayskaya pravda”nın 1985-ci il 14 fevral tarixli nömrəsində yazılmışdı ki, ittifaq səviyyəli yüksək vəzifəli rəhbər işçilərdən birinə böyük Sibir çayı Ob üzərindən körpü salınması tapşırılanda, o demişdi ki, bu, çox iri layihədir, mənə nəsə kiçik bir iş tapşırın. Beş il sonra Heydər Əliyevə kiçik layihə təklif edəndə, o, hətta, bundan inciyərək demişdi ki, mənə sanballı bir obyekt verin. Həqiqətən, bizim böyük Ob çayı üzərindəki bu körpü Sibirin ən iri şəhərlərindən biri sayılan Barnaulun vizit kartıdır. Heydər Əliyeviçin “mən fəxr edirəm ki, ölkənin Ali Sovetinə rus əhalisi tərəfindən seçilirəm” sözlərini sitat gətirirəm. Xatirimdədir, elə o vaxtlar deyirdi ki, Altay qədim türk dilində qızıl dağlar deməkdir. Bildiyiniz kimi, Altay bir çox türkdilli xalqların beşiyidir və bu sözlər ölkəmizin siyasi rəhbərliyinin dilindən ilk dəfə idi ki, səslənirdi. Biz Altayda bununla fəxr edir, bunu əziz tuturuq. Polad Bülbüloğlu mədəniyyət naziri olanda və Bakıda türkdilli ölkələrin mədəniyyət nazirlərinin “Türksoy” çərçivəsində görüşü keçiriləndə Heydər Əliyev Altaydan deputat seçildiyi illəri, Sibirin bu nəhəng məkanında dəmir yolu çəkilişinə necə başçılıq etdiyini və buradakı fəaliyyətinin digər məqamlarını, demək olar, bütün təfərrüatı ilə xatırlamışdı. Altayda birgə gördükləri işlərə görə Heydər Əliyevə və SSRİ-nin sabiq yollar naziri N.Konarevə çox sağ olun deyirik. Bu o deməkdir ki, Rusiya, həqiqətən, Sibirin sayəsində güclənəcəkdir. Polad Bülbüloğlu bizi Bakıya dəvət edəndə Heydər Əliyev dedi ki, öz xalqının mədəniyyətini və adətlərini qiymətləndirmək, onun dilini və ənənələrini bilmək lazımdır, bunlar müqəddəsdir. Həm də deyirdi ki, məkan və zaman bölünməzdir. Onda fikirləşdim ki, vaxtilə tariximiz Gültəkin kimi böyük türk sərkərdələri, Azərbaycan xalqının Nizamisi kimi şair-filosofları dünyaya gətirmişdir. Bax, bu tarixin davamı olaraq isə, zaman Heydər Əliyeviç Əliyev kimi böyük şəxsiyyət yetirmişdir.

    Rejissor Mark Zaxarov:

  • Təəssüf ki, mən Heydər Əliyevlə şəxsən tanış deyildim, lakin rus mədəniyyətini qidalandıran və ona beynəlmiləl xarakterli güc verən, – hər halda bunun əsası Bakıda qoyulmuşdur, – çox qüdrətli enerji sahəsi formalaşmışdı. Nədənsə, Bakıdan həmişə olduqca çox istedadlı insanlar çıxırdı. Zənnimcə, bu təsadüfi deyil, hesab edirəm ki, bura sivilizasiyanın bizə istifadə etdiyimiz, bizi yaşadan enerjini verən xüsusi mənbəyidir. Peçyorski deyirdi ki, böyük rus milləti hər bir rusa xas olan qaşqabaqlı sifətdən formalaşmışdır, bax, oradan isə Heydər Əliyev kimi böyük insanların köməyi ilə bizə xoş əhval-ruhiyyə, şən Qafqaz enerjisi gəlmişdir və Rusiya bunsuz mövcud ola bilməz. Qoy müxtəlif suveren ölkələr olsun, bu yaxşıdır, hərçənd, bizim ümumi mədəni məkanımızı qiymətləndirənlər üçün bir o qədər də yaxşı deyildir. Zənnimcə, biz yaşayacaq, birlikdə olacaq və Azərbaycan xalqının Heydər Əliyeviç kimi böyük oğullarının enerjisini uzun müddət hiss edəcəyik. Onun nurlu siması qarşısında baş əymək və ilahi tərəfindən verilmiş qabiliyyətini gerçəkləşdirdiyi üçün ona təşəkkür etmək istəyirəm. Çox sağ olun, Heydər Əliyeviç.

Dövlət Duması Mədəniyyət Komitəsinin sədri İosif Kobzon:

  • Mark Zaxarov təəssüf etdi ki, Heydər Əliyeviçlə şəxsən tanış deyildi, mən isə demək istəyirəm ki, xoşbəxtlikdən, Heydər Əliyeviçi şəxsən tanıyırdım. Mən indicə Heydər Əliyevin gözəl büstü önünə güllər qoydum. Heydər Əliyeviçi həmişə sevinclə xatırlayıram, o, çox səmimi insan idi. Həyatımdan kiçik bir məqamı xatırladacağam. Dostumuz Müslüm Maqomayevin Bakıda keçirilən yubileyinə dəvət olunmuşdum. İlahi, Heydər Əliyeviç ona necə yubiley təşkil etmişdi... Mən çox təəssüf etdim ki, azərbaycanlı yox, yəhudiyəm. Heydər Əliyeviçin səhnəyə çıxıb nitq söyləməsini eşitmək və görmək lazım idi. Əvvəla, o, çox qəşəng geyinmişdi. Onun tünd göy rəngli gözəl kostyumu indiki kimi gözümün qabağındadır. Özü də əla formada idi. Heydər Əliyev Azərbaycan milli musiqisinin tarixindən danışdı. Onunla sanki bilik, intellekt yarışına çıxmağa cəhd göstərən orkestr vardı və onu necə də yerində oturtdu. O, operanın adını, yazıldığı ili, müəlliflərin hamısının soyadlarını söylədi... Onun çox yüksək intellekti var idi. Başa düşün ki, partiya və dövlət xadiminə belə təfərrüatı bilmək heç də vacib deyildi... Bəs, Azərbaycanda müntəzəm keçirilən rus incəsənəti ongünlükləri. Zənnimcə, Heydər Əliyeviç beynəlmiləl mədəniyyəti öz xalqı üçün zənginləşdirirdi. Bizim o vaxt olduğu kimi, indi də beynəlmiləl ölkədə Azərbaycan mədəniyyətinə çox dərin hörmətlə yanaşmağımız üçün edirdi. Heydər Əliyeviç daha yoxdur, bəlkə də ona görə biz Rusiyada Azərbaycan mədəniyyəti, Azərbaycanda Rusiya mədəniyyəti ilə o qədər də tez-tez ünsiyyətdə olmuruq.

O, əlbəttə ki, özündən sonra unudulmaz xatirələr qoyub getmişdir. Nadir şəxsiyyət, görkəmli xadim idi, onunla, sadəcə, ünsiyyətdə olmaq, sadəcə, onu dinləmək, danışarkən ona baxmaq son dərəcə xoş idi. Bilirsiniz, mən, hətta, Azərbaycan dilini öyrənmək istəyirdim. Mən Azərbaycan dilini təkcə ona görə öyrənərdim ki, bu dildə Heydər Əliyev danışmışdır. Onunla bağlı hər şey əla idi, çox gözəl ailəsi vardı və onu müqəddəs sima kimi sevirdilər. Heydər Əliyevlə vidalaşdığımız kədərli günü də xatırlayıram... Biz salonda oturmuşduq. Azərbaycanın çoxsaylı qonaqları bu dahi insanın xatirəsinə ehtiramlarını heç də protokol xatirinə bildirmək üçün gəlməmişdilər. Zənnimcə, Polad Bülbüloğlu indiki xatirə gecəsini burada deyil, böyük salonda keçirsəydi, eynilə ora da adamla dolu olardı. Çünki Heydər Əliyevin pərəstişkarları, onu qəlbən sevən, bu parlaq və nurlu şəxsiyyəti daim xatırlayan insanlar olduqca çoxdur.

Rusiya – Azərbaycan Dostluğu Cəmiyyətinin sədri Nikolay Baybakov:

  • Heydər Əliyev nadir insan idi, biz bir çox illər birlikdə işləmişik, xalq təsərrüfatı problemlərini həll etmişik. Heydər Əliyeviç özünü bütünlüklə xalq təsərrüfatına həsr edən insan idi, misilsiz rəhbər və əsil peşəkar idi. Ölkə iqtisadiyyatının inkişafında və tərəqqisində onun rolu və xidmətləri əvəzsizdir. Onun sayəsində sovet dövlətinin iqtisadi göstəriciləri ilbəil artırdı. Ölkənin infrastrukturunun, nəqliyyat sistemlərinin yaradılması, Rusiyanın və hazırda bütün müstəqil dövlətlərin istifadə etdikləri nəhəng sənaye müəssisələrinin tikintisi onun adı ilə bağlıdır. Öz ölkəsi və digər ölkələr üçün etdiklərinə görə ona “Çox sağ ol!” deyirik. Böyük Vətən müharibəsi illərində Qələbə qazanmaq üçün xidmətlərinə görə də Azərbaycana təşəkkür edirik. Heydər Əliyeviçin adı hamımızın yaddaşında daim yaşayacaqdır. Onun başladığı işləri davam etdirdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk.

    RF Prezidentinin köməkçisi Aleksandr Beqlov:

  • Hörmətli dostlar, mən Heydər Əliyeviçlə ötən əsrin 60-cı illərində tanış olmuşam. Onda balaca oğlan idim, təzəcə məktəbə getməyə başlamışdım. Günlərin birində anamla Bakı bazarına getmişdik və gördük ki, çox gözəgəlimli bir kişi addımlayır və Bayıl bazarındakı vəziyyəti yoxlayır. Anam bildirdi ki, bax, bu, bizim yeni rəhbərimizdir. Mən isə dedim ki, nə olsun? Anam dedi ki, o, çox təmiz adamdır, güzəranımız yaxşılaşacaqdır. Həqiqətən də, Heydər Əliyeviç respublikada yüksək vəzifədə işləyəndə düzlük və ədalət dövrü başlandı, çünki o özü məhz belə təmiz və ədalətli insan idi. Mən burada fikirləşirdim ki, çox hörmətli insan haqqında nə deyim və insanda, xüsusilə kişidə ən başlıca keyfiyyət olan ədalətliliyi qeyd etməyi qərara aldım. Hansı vəzifəni tutmağından, nə qədər var-dövlət sahibi olmağından və harada yaşamağından asılı olmayaraq, bu, insan üçün başlıca keyfiyyətdir. Sonrakı illərdə mən Heydər Əliyeviçlə tez-tez olmasa da, hərdənbir Moskvada da, Bakıda da görüşürdüm. Bunlar çox səmimi görüşlər idi və həmişə xoş iz buraxırdı, daxilimdə yaxşılığa doğru nə isə dəyişirdi. Anamın sözlərini xatırlayaraq təsdiq etmək istəyirəm ki, o yanılmamışdı, çünki bu insan böyük ədalət sahibi idi. Bunu zaman və həyatın özü göstərdi.
  • Görüşlərin birində o, ömrümün axırınadək xatırlayacağım çox yaxşı sözlər dedi: “Hər bir insanın həyatında doğum günü və ölüm günü vardır, insan dünyaya ləyaqətlə gəlməli və həyatdan da ləyaqətlə getməlidir”. Zənnimcə, bu, Heydər Əliyeviçə nəsib oldu. O, özündən sonra çoxlu xeyirxah işlər, həm də təkcə işlər deyil, adi və qeyri-adi insanların ürəklərində böyük məhəbbət və hörmət qoyaraq bu həyatdan ləyaqətlə köçdü. Ən başlıcası da budur. Doğum gününüz mübarək, Heydər Əliyeviç, ürəklərdə əbədi yaşayacaqsınız.

    RF Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin başçısı Mixail Şvıdkoy:

  • Bu mötəbər yığıncaqda Heydər Əliyeviçdən danışmaq çox çətindir, çünki burada onu yaxından tanımış, onunla işləmiş insanlar var. Onlar Heydər Əliyeviçin necə bir insan olduğunu gözəl bilirlər. Lakin mən də cəsarət edib bir neçə kəlmə deyəcəyəm. Bakıda Azərbaycan Dram Teatrı ölkənin müasir həyatı haqqında tamaşa göstərmişdi. Tamaşadan sonra görüş oldu. Beş il əvvəl olan bu görüşdə Polad Bülbüloğlu da iştirak edirdi. Dövlət başçısı kimi Heydər Əliyeviç tamaşaya baxdıqdan sonra artistlərə təşəkkür etmək üçün səhnə arxasına gəldi. Düzü, düşünürdüm ki, adi təşəkkür sözləri və qısa çıxış olacaq və bununla da hər şey qurtaracaqdır. Lakin görüş bir saatdan çox çəkdi və Heydər Əliyeviç tamaşanı təhlil edərək, özünü görkəmli teatrşünas kimi göstərdi. Zənnimcə, heç də bütün tənqidçilər o gecə Heydər Əliyeviç Əliyev kimi çıxış edə bilməzdi. Bütün teatrşünaslar ona, sadəcə olaraq, pərəstiş etməli idilər. O, nəinki tamaşanı təhlil etdi, həm də bütün aktyorları adbaad xatırladı, övladlarından hal-əhval tutdu, onların nə vaxt mənzil alacaqlarını, nə vaxt ailə qurduqlarını soruşdu, kimlərin toyunda, kimlərin valideynlərinin xatirə mərasimində iştirak etdiyini söylədi. O, hər kəs barədə hər şeyi xatırlayırdı. Özü də, onun bütün bunları yazmalı olan heç bir köməkçisi əzəldən olmamışdır. O, gün-güzərandan, ancaq özünə bəlli olan məsələlərdən danışdı. Sözün düzü, lap heyran qalmışdım. Çünki onun həyatı belə başa düşdüyünü, hansı ölkədə yaşadığını, hansı ölkəyə rəhbərlik etdiyini, nə kimi insanlara rəhbərlik etdiyini başa düşdüyünü görürdüm. Bu bir saat yarım ərzində çox qeyri-adi məsələlər üzə çıxdı. Başa düşdüm ki, ölkənin xalqı xoşbəxtdir ki, onun rəhbəri insanları belə yaxşı tanıyır, səhnədə nə oynanıldığını bilir. Bilirsinizmi, həyatda faciəli, kəşməkəşli dövrlər də olmuşdur, elə dövrlər ki, çoxları, ümumiyyətlə, onun mövcud olduğunu unudurdular. Amma ən başlıcası odur ki, onun tarix üçün kim olduğunu, Azərbaycan üçün kim olduğunu, Sovet İttifaqı üçün kim olduğunu dərk edən, qiymətləndirən insanlar həmişə olmuşdur. İnanıram ki, indi təkcə azərbaycanlıların evlərində deyil, həm də bu gözəl ölkənin hüdudlarından kənarda bir çox evlərdə onu yad etmişlər. Bir halda ki, belədir, deməli, o yaşayır. Bax, ən başlıcası da budur. Məncə, bu doğum günündə o görsəydi ki, dağıdılmış və hərc-mərcliyin baş alıb getdiyi ölkəyə qayıtdıqdan sonra özünün açdığı imkanlar sayəsində Azərbaycan da indi tərəqqidədir, çox şad olardı. Bugünkü ölkə – Azərbaycan ona ən yaxşı abidədir. 

    AzərTAc

     

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr edilir. Ruhunuz şad olsun, DAHİ!